Yuxunun inversiyası – yəni yaşlı insanın gündüz yatıb, gecə oyaq qalması – demensiyanın inkişafına işarə edə bilər.
NOCOMMENT.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya açıqlamasında tibb elmləri doktoru Kirill Proşşayev məlumat verib.
Həkimin sözlərinə görə, əgər insan hər gün yarım saatdan çox, bəzən isə bir saat gündüz yuxuya gedirsə, daim yuxululuq hiss edirsə, televizora baxarkən və ya ictimai nəqliyyatda yuxulayırsa, bu, narahatedici siqnaldır və səbəbin araşdırılması üçün mütləq həkimə müraciət olunmalıdır. Onun fikrincə, orqanizm bu yolla gizli problemləri kompensasiya etməyə çalışır.
Proşşayev qeyd edib ki, davamlı yuxululuq 2-ci tip şəkərli diabet, xroniki ürək çatışmazlığı və digər ağır somatik xəstəliklərlə müşayiət oluna bilər.
Ekspert əlavə edib ki, demensiyadan əziyyət çəkən insanlarda yuxu inversiyası simptomu da müşahidə oluna bilər. Belə hallarda pasiyent gündüz yatır, gecə isə oyaq qalır, işığı yandıraraq evdəkilərin yuxusunu pozur.
Onun sözlərinə görə, bu vəziyyət müxtəlif səbəblərlə bağlı ola bilər və xəstəliyin ağrılı təzahürü kimi qiymətləndirilə bilər. Buna görə də belə hallarda həkimə müraciət etmək vacibdir. Həkim vəziyyəti təhlil edərək konkret tövsiyələr verəcək.
Proşşayev həmçinin “kvartet” adlandırdığı dörd amilə diqqət çəkib: depressiya, təşviş, yuxu pozuntuları və koqnitiv geriləmə. O bildirib ki, bu dörd faktor demək olar ki, həmişə birlikdə müşahidə olunur: birinin yaranması digərinin riskini artırır. Əksinə, məsələn, yuxunun yaxşılaşdırılması digər göstəricilərə də müsbət təsir göstərir.
Həkimin sözlərinə görə, keyfiyyətli və sağlam yuxu koqnitiv, psixoloji və psixi pozuntuların inkişaf riskini azaldır, həmçinin onların irəliləməsini ləngidir. O vurğulayıb ki, insan gün ərzində faydalı fəaliyyətlərlə məşğul olmalıdır. Bu yuxu problemlərinin korreksiyasına kömək edir.