Azərbaycanlı futbolçulardan Şahruddin Məhəmmədəliyev və Sərtan Taşkının, dünya ulduzlarından Luis Nanini qardaş ölkəyə aparan tanınmış menecer Murat Senay Azərbaycana gəlib.
Ölkə.Az onun Sportinfo.az-ya müsahibəsindən bir hissəni təqdim edir:
- Azərbaycan futbolu kənardan necə görünür?
- Bir az klub sayının artması lazımdır. Tez-tez eyni rəqiblər üz-üzə gəlir. Futbolçuların motivasiyasına pis təsir edir. Mən özüm də futbol oynamışam. Eyni rəqiblə 3-4 dəfə oynamaq maraqlı ola bilməz. 18 komanda olsa, yeni stadionlar, fərqli şəhərlər oyunçulara motivasiya verər. İnfrastrukturla bağlı ciddi problemlər var. Bu çox önəmlidir. Ciddi işlər görülməsi lazımdır. 7-8 klubun bazasında oldum. Daha çox peşəkarlaşmaları lazımdır. 3-4 komanda xaric digərləri inkişaf etməlidir. O zaman inkişaf ola biləcək. "Qarabağ"a uğurlar arzu edirəm. Qurban Qurbanov çox yaxşı işlər görür. Türkiyədə inanılmaz dəstək var. "Çelsi" ilə matçı stadiondan izlədim. "Qarabağ" kimi klubların sayının artması lazımdır.
- Hansı klubların bazasında oldunuz?
- "Sumqayıt" bazasında olduq. İnanılmaz işlər görülüb. Akademiya və komanda anlamında peşəkar işlər aparılır. Stadionu çox bəyəndim. Azarkeş tutumu çox deyil, amma İngiltərə stadionlarını xatırladır. "Turan Tovuz"a baş çəkdik. Görünən odur ki, işin lap başındadırlar. Çölün ortasında bir meydança qurulub. Amma direktorları Səməd Nəsibov planları barədə danışdı. Otel tikiləcək, başqa meydança salınacaq. Futbolçuları motivasiya edən bazanın olmasıdır. Dünyanın hər yerində belədir. Bu baxımdan başqanımız Türkiyədə futbola inanılmaz yatırımlar qoydu. Bu gün üçüncü liqada belə klublarımızın 10-15 min azarkeş tutumu olan stadionları və yaxş tesisləri var. Türkiyədə peşəkar klub sayı 100-ə yaxındır.
- Azərbaycanda yaxşı oyunçular qazanmaq üçün nələr edilməsi lazımdır?
- Məncə, akademiyalara yatırım etmək lazımdır. Futbol oradadır. "Fənərbağça" Arda Güləri "Real Madrid"ə satdı. Belə nümunələr çoxdur. "Qarabağ" da öz yetirmələrini bu şəkildə dünya klublarına sata bilər. Marketinq dəyərini qaldırmaq lazımdır. Futbolun səviyyəsini qaldırıb, xarici menecerləri bura gətirilmək lazımdır. Türkiyə Süper Liqasında 5 matça çıxan gənc üçün Avropadan anında təkliflər gəlir. Futbol bu qədər sadədir.
- Yaxından tanıdığınız Abubakarın "Neftçi"yə transferini necə qarşıladınız?
- Çox yaxşı bir oyunçudur. Türkiyədə edəcəyini etdi. Ən böyük klubda da oynadı. Burada da pis deyil. Qollarını sıralayır. Məncə, daha iki il burada çıxış edə bilər. Azərbaycana belə adlar da gətirilməlidir. Abubakar dünya bazarında seçilən oyunçudur. "Qarabağ" sabiq "Fənərbağça"lı Yassin Benzianı transfer etmişdi. Bu cür oyunçuların transferi mütləq lazımdır. Türkiyə Osimeni gətirdiyi üçün bütün dünyada danışılır. Futbolda belə məqamlar da önəmlidir.
- Ötən yay Cenk Tosunun da adı "Neftçi" ilə çəkilirdi...
- Məncə, gəlsə burada çox böyük işlər görə bilər. Cenk Tosun böyük hücumçudur. Bilmək olmaz. Ötən yay olmadı, bəlkə qarşıdakı transfer dönəmlərində oldu.