“Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb, eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyinə üç dəfə hücum edilib”.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
Dövlət başçısı bildirib ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmi şəxslər arasında keçirilən çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılıb.
“Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb, eyni zamanda üç dəfə Azərbaycanın Ukraynadakı səfirliyinə hücum edilib. Birinci hücumdan sonra bunun təsadüfən baş verdiyini düşünə bilərdik. Biz rusiyalı tərəfdaşlarımıza Azərbaycanın bütün diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq şöbəsinin, mədəniyyət mərkəzlərimizin və səfirliyin dəqiq koordinatlarını təqdim etdik. Buna baxmayaraq, daha iki hücum baş verdi. Bu isə Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı qəsdən həyata keçirilmiş hücum deməkdir. Biz xüsusi bəyanatlar yaydıq, səfir dəvət olundu və diplomatik nota təqdim edildi. Biz yalnız diplomatik yollarla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin bu, təbii ki, Azərbaycana qarşı qeyri-dost münasibət kimi qiymətləndirilən bir haldır. Bildirmək istəyirəm ki, Azərbaycan hökuməti tərəfindən bütün zəruri diplomatik addımlar atılıb”, - deyə Prezident vurğulayıb.