Biz həmişə Azərbaycanın sahib olduğu yumşaq gücə heyran olmuşuq.
APA-nın xəbərinə görə, bunu Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri, Çin və Qloballaşma Mərkəzinin təsisçisi və prezidenti Vanq Huiyao Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldə bildirib.
“Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü var. Çin yeni bir dəhlizin formalaşdırılmasına, əlaqələrin genişləndirilməsinə kömək etmək istəyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Çindən Avropaya daşınma həcmi çox artıb. Niyə Orta Dəhliz? Düşünürəm ki, bütün bu fərqli dəhlizlər, Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü birlikdə işləməlidir. Çin üçün “Bir Kəmər, Bir Yol” təşəbbüsü, əslində, Xəzəryanı ölkələr və Orta Asiya üçün hərtərəfli bir təşəbbüsdür, bu, yalnız nəqliyyatla bağlı deyil. Əlbəttə ki, nəqliyyat çox vacibdir, əsasdır, eyni zamanda digər istehsal, investisiya, infrastruktur, rəqəmsal, süni intellekt və bir çox məsələləri əhatə edir. Məncə, bu əlaqənin qorunması, gücləndirilməsi və daha da inkişaf etdirilməsi vacibdir ki, dəhliz vasitəsilə Çin və Avropa əlaqələri həqiqətən çox faydalı olsun. Məsələn, Çinin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində artıq 12 ildir ki, dünyanın müxtəlif yerlərində 3000-dən çox layihəyə 1 trilyon ABŞ dollarından çox investisiya qoyub. Azərbaycan əla bir ölkədir, mən bu ölkədə dəfələrlə olmuşam. Biz həmişə Azərbaycanın sahib olduğu yumşaq gücə heyran olmuşuq”, - deyə o qeyd edib.