AZ

Rusiya həqiqətən sülh istəyir? – Rubio açıqladı

ABŞ Rusiyanın Ukrayna ilə müharibəni başa çatdırmaq niyyətinin ciddi olub-olmadığına əmin deyil.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Vaşinqton prosesin real nəticə verib-verməyəcəyini hələ də qiymətləndirir, lakin tərəflər arasında dialoqun davam etməsi üçün vasitəçilik səylərini artırır.

Rubio qeyd edib ki, uzun illərdən sonra ilk dəfə olaraq Rusiya və Ukrayna hərbi rəsmiləri ötən həftə bir araya gəliblər. Dövlət katibi əlavə edib ki, tərəflər arasında mübahisəli məsələlərin siyahısını müəyyən qədər azaltmaq mümkün olub və növbəti danışıqlar raundu çərşənbə axşamına planlaşdırılıb. Yeni görüşdə iştirakçıların tərkibinin əvvəlkilərdən fərqli ola biləcəyi də vurğulanıb.

ABŞ rəsmisi bildirib ki, ABŞ münaqişənin başa çatması üçün vasitəçi rolunu davam etdirmək niyyətindədir:

“Rusiyanın müharibəni bitirməkdə nə dərəcədə ciddi olduğunu bilmirik, lakin bunu yoxlamağa davam edəcəyik”.

Çinlə dialoq və qlobal siyasət

Rubio çıxışında Çin ilə dialoqdan imtinanı “geosiyasi səhv” adlandırıb. Onun sözlərinə görə, dövlətlər arasında maraqların toqquşması qaçılmazdır və diplomatiyanın əsas məqsədi bu ziddiyyətləri sülh yolu ilə idarə etməkdir.

Miqrasiya və beynəlxalq institutlar

ABŞ dövlət katibi kütləvi miqrasiyanın Qərb cəmiyyətlərini dəyişdirdiyini və sabitliyə təsir göstərdiyini də bildirib. O, sərhədlərə nəzarətin gücləndirilməsini milli suverenliyin əsas elementi kimi qiymətləndirib.

Rubio həmçinin beynəlxalq institutların fəaliyyətini tənqid edərək, Birləşmiş Millətlər Təşkilatının mövcud münaqişələrin — o cümlədən Qəzza və Ukrayna müharibələrinin həllində effektiv rol oynaya bilmədiyini deyib. Onun fikrincə, bu qurumlarda ciddi islahatlara ehtiyac var.

ABŞ rəsmisi Avropanı da Donald Tramp administrasiyasının müəyyən etdiyi yeni siyasi kursa qoşulmağa çağırıb.

Çıxışının sonunda Rubio bildirib ki, beynəlxalq münasibətlərdə yeni mərhələ başlayır və gələcək əməkdaşlıq məhz bu dəyişikliklər fonunda formalaşacaq.

Seçilən
30
nocomment.az

1Mənbələr