AZ

ABŞ Münhendə Aİ yə qarşı sərt ritorikadan niyə çəkindi? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Əvvəlki illərdəki toplantılardan fərqli olaraq, sonuncu Münhen Təhlükəsizlik Konfransında ABŞ tərəfindən Avropa İttifaqının ünvanına aşağılayıcı ifadələrin və sərt ritorikanın səslənməməsinin səbəblərindən biri, heç şübhəsiz ki, Avropa ölkələrinin, xüsusən də Fransa və Almaniyanın hərbi büdcələrini artırması və Vaşinqtonun iştirakı olmadan qitənin təhlükəsizliyi ilə bağlı aktiv fəaliyyətə keçməsi ilə əlaqələndirilə bilər".

Bu fikirləri Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Münhen Təhlükəsizlik Konfransında, Davosdan fərqli olaraq, ABŞ tərəfindən Avropa İttifaqına münasibətdə sərt ritorikanın səslənməməsinə münasibət bildirərkən deyib. 

Ekspertə görə, ABŞ-ın davamlı şəkildə Aİ-ni tənqid etməsi hazırkı mərhələdə Vaşinqton üçün də məqsədəuyğun deyil: 

"Dəyişən dünya düzəni prosesində ABŞ yeni müttəfiqlər axtarışındadır. Hazırda Ağ Ev ənənəvi rəqib ölkələrin yaxın ətrafını öz tərəfinə çəkməyə çalışır. Venesuela timsalında bunu aydın görmək mümkündür. Digər tərəfdən, ABŞ bəzi dövlətləri təhdid edərək onları özünə rəqib hesab etdiyi ölkələrin sırasına qoşulmaqdan çəkindirməyə çalışır. Bu baxımdan, Vaşinqtonun Aİ kimi vacib tərəfdaşları tamamilə özündən uzaqlaşdırmaq niyyətində olduğu qənaətində deyiləm".

Politoloqun fikrincə, Avropa və Amerika dəyərləri vahid sistem təşkil edir və bu ortaq dəyərləri bir-birindən ayırmaq mümkün deyil: 

"Qərb dəyərləri dediyimiz anlayışın hüquqi, siyasi, fəlsəfi və psixoloji tərəfləri bir bütövdür. Ona görə də bu dəyərlərdən imtina edilməsi real görünmür".

Qeyd edək ki, Avropada ABŞ-ın ortaq dəyərlərə sadiqliyinə inamın müəyyən qədər sarsıldığı müşahidə olunur. Bu hal xüsusilə son Davos Forum çərçivəsində daha qabarıq hiss olunmuşdu. "The New York Times" qəzeti yazır ki, Davos forumundan sonra Avropa liderləri əvvəlki transatlantik münasibətlərin bərpasına dair ümidlərini xeyli azaldıblar. 

Nəşrin qeyd etdiyinə görə, Amerika rəsmiləri də bu reallığı nəzərə alaraq, Münhen Konsfransı çərçivəsində Avropaya qarşı açıq istehzalı ritorikadan çəkiniblər. Əksinə, ABŞ tərəfinin açıqlamalarında müttəfiqlərə, xüsusilə Almaniyaya münasibətdə daha müsbət və hətta tərif xarakterli ifadələr yer alıb. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
qaynarinfo.az

1Mənbələr