AZ

Xarici qüvvələrin bütün fəaliyyətlərinin qarşısı qüdrətli dövlətimiz tərəfindən alınacaq - RƏY

İctimai və dövlət maraqlarının müdafiəsi hər bir suveren dövlətin əsas prioritetlərindən biridir. Dövlətin sabitliyi, milli təhlükəsizliyi, hüquqi sistemin dayanıqlığı və vətəndaşların rifahı bu anlayışın ayrılmaz tərkib hissəsidir. Xüsusilə, müasir dövrdə informasiya axınının sürətlənməsi, regional və qlobal siyasi gərginliklər, habelə daxili təhlükəsizlik riskləri dövlət institutlarının daha çevik, şəffaf və prinsipial fəaliyyətini zəruri edir. Bu baxımdan dövlət maraqlarının qorunması təkcə hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmır. Buraya həm də hüquqi məsuliyyət mexanizmlərinin işləkliyi, ictimaiyyətin məlumatlandırılması, dövlət idarəçiliyində hesabatlılıq və milli maraqlara zidd fəaliyyətlərə qarşı ardıcıl mübarizə daxildir. Bu yanaşma dövlətçilik prinsiplərinin qorunmasının əsas sütunlarından biri kimi qəbul edilir və hər bir cəmiyyətin təhlükəsiz inkişafı üçün fundamental şərt sayılır. Məhz bu kontekstdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digər şəxslərlə bağlı dövlətə xəyanət iddiaları üzrə yaydığı son faktlar dövlət maraqlarının qorunması kontekstində ciddi siyasi, o cümlədən hüquqi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir. Rəsmi məlumatların ictimailəşdirilməsi ilk növbədə göstərir ki, milli təhlükəsizlik məsələləri ilə bağlı araşdırmalar yalnız qapalı institut çərçivəsində saxlanılmır, eyni zamanda cəmiyyətə hesabatlılıq elementi də nəzərə alınır. Yüksək vəzifə tutmuş, nüfuzlu şəxslərlə bağlı araşdırmaların aparılması hüquq qarşısında bərabərlik prinsipinin real tətbiqinin göstəricisidir. Bu, dövlət institutlarının formal deyil, faktiki işlədiyini nümayiş etdirmək baxımından da mühüm mesaj sayılamlıdır. Dövlətə xəyanət kimi ağır ittihamların araşdırılması təkcə konkret hadisələrin qiymətləndirilməsi deyil, həm də potensial təhlükələrin qarşısının alınması baxımından preventiv mexanizm rolunu oynayır. Belə addımlar sistem daxilində mümkün risklərin erkən mərhələdə neytrallaşdırılması məqsədi daşıyır. Bu tip məlumatların rəsmi qaydada açıqlanması cəmiyyətin məlumatlandırılması və şayiələrin qarşısının alınması baxımından əhəmiyyətlidir. Bu hadisə həm də dövlət idarəçiliyində nəzarət mexanizmlərinin işləkliyinin, daxili təhlükəsizlik sistemlərinin fəaliyyətinin və siyasi məsuliyyət anlayışının gücləndirilməsi istiqamətində bir siqnal kimi qiymətləndirilə bilər. Baş verən proseslər göstərir ki, dövlət maraqlarının qorunması yalnız formal konsepsiya deyil, praktik idarəetmə alətidir. Hüquqi araşdırmaların aparılması, faktların ictimaiyyətə açıqlanması və məsuliyyət mexanizmlərinin tətbiqi dövlət dayanıqlı daxili siyasətinin qorunmasına xidmət edir. Ölkədə cərəyan edən daxili proseslər ayrı-ayrı şəxslərlə bağlı məsələ olmaqla yanaşı, həm də dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli təhlükəsizlik sisteminin gücləndirilməsi və cəmiyyətin hüquqi şüurunun formalaşdırılması baxımından geniş əhəmiyyət kəsb etməlidir. Bütün bunlar göstərir ki, dövlət maraqlarının müdafiəsi müasir dövrdə yalnız təhlükəsizlik tədbirləri deyil, həm də hüquqi, siyasi və ictimai mexanizmlərin vəhdəti əsasında həyata keçirilir. Bu isə Azərbaycan kimi güclü dövlət üçün strateji sabitliyin əsas şərtlərindən biridir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Dövlət Təhlükəsizlik Xidmətinin “Ramiz Mehdiyev işi" ilə bağlı yaydığı yeni məlumatda Ramiz Mehdiyevin, Abbas Abbasovun, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və qeyriləri ilə işbirliyi çərçivəsində hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərindən bəhs olunur:

 

 

"Ramiz Mehdiyevin istər Yeni Azərbaycan Partiyasında, istərsə də digər qurumlarda təmsil olunması artıq qeyri-mümkündür. Onun və digərlərinin hərəkətləri açıq-aşkar xəyanətdir. Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb, bu əməlləri ilə dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə yol verib, xarici dövlət nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib. Əlbəttə ki, Azərbaycanı içindən parçalamaq istəyən müəyyən xarici qüvvələr ola bilər. Lakin dövlətin daxilindəki xəyanətkarların bu xarici qüvvələrlə əlbir olmaları xalqımıza mənəvi zərbədir. Əminik ki, xarici qüvvələrin bütün fəaliyyətlərinin qarşısı qüdrətli dövlətimiz tərəfindən alınacaq. Dövlət içində gizlənib, vətənə xəyanət edən hər kəs bilməlidir ki, dövlət əleyhinə törədilən bütün cinayətlər, atılan bütün addımlar ciddi formada araşdırılır", - deputat bildirib.

 

Siyasi şərhçi Abutalıb Səmədov isə bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı materiallar cəmiyyətdə şok effekti yaratdı:

 

Azərbaycan

 

"İllərlə tanıdığımız insanların əslində siyasi cəhətdən nə qədər hazırlıqsız, ağılsız, pula və hakimiyyətə həris olduqlarını görmək çoxları üçün gözlənilməz oldu. Ramiz Mehdiyevin adi bir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) işçisinin qarşısında hesabat verməsi, yersiz ifadələr işlədərək qarşı tərəfdən irad eşitməsi, onun guya Azərbaycanda idarəçilik sistemini yenidən qurmaq barədə səsləndirdiyi mənasız təkliflər istər-istəməz bizi düşünməyə vadar edir ki, Azərbaycanda kimlər xarici qüvvələrin yardımı ilə hakimiyyətə gəlmək istəyir. Mehdiyevin evindən çıxan pullar, təbii ki, onun malik olduğu var-dövlətin cüzi bir hissəsidir. Görünür, xırda xərclər üçün saxlayıbmışlar. Yaxud sıradan çıxarmaq, harasa yerləşdirmək imkanları olmayıb. Azərbaycan Xalq Cəbhəsinin funksionerlərinin hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq öhdəliyi barədə söylədikləri bizi ciddi şəkildə narahat etməlidir. Azərbaycanda hakimiyyətə gəlmək üçün hər şeyi vəd etməyə, hər şeyə getməyə hazır olan insanlar var. Bir daha bunun şahidi olduq. Şübhə yoxdur ki, aparılan istintaq işi tədbirləri hələ çoxlu həqiqətləri üzə çıxaracaq. Azərbaycanda özlərini milli qüvvələr kimi təqdim edənlərin nə qədər anti-milli olduqlarını hamımız görəcəyik. Eyni zamanda materialların yayılmasından sonra xaricdən mövcud təhlükələr barədə bir daha düşünməliyik. Bu gün Rusiyanın başı Ukraynaya qarışsa da, Rusiya təhlükəsi hələ də qalmaqdadır. Bunu hamı bilməli, əlindən gələni etməlidir ki, Rusiya təhlükəsindən dövlətimizi və xalqımızı qorumaq mümkün olsun".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd

Tarix: 14 Fevral 2026, 15:59   
Seçilən
72
pravda.az

1Mənbələr