AZ

Münxen konfransının Azərbaycan üçün hansı əhəmiyyəti var? Deputat detalları açıqladı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında mühüm görüşlər keçirməsi ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a şərhində qeyd edib.

Bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də başlayan Münxen Təhlükəsizlik Konfransında iştirak edir. Konfransda Prezidentimizin bir sıra dövlət başçıları, beynəlxalq təşkilatların və qlobal şirkətlərin rəhbərləri ilə görüşləri gözlənilir.

E.Nəsirov ilkin olaraq deyib ki, sözügedən konfranda regional və beynəlxalq təhlükəsizliklə bağlı çox mühüm məsələlər müzakirə olunacaq:

“Məlum olduğu kimi, fevralın 13-14 tarixlərində dünyanın siyasi elitası Almaniyanın Münxen şəhərinə toplanır. Bu şəhərdə beynəlxalq təhlükəsizliklə bağlı konfrans keçirilir. Qlobal dünyanın bundan sonrakı dövr üçün təhlükəsizliyi barədə problemlər bu konfransda müzakirə olunacaq.

Əslində bu tədbirdə səsləndiriləcək fikirlər və qaldırılacaq məsələlər önümüzdəki dörv ərzində qlobal dünyanın təhlükəsizlik arxitekturasının necə qurulacağı ilə bağlı sualların cavabını verməli olacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi Münxen Təhlükəsizlik Konfransında iştirak edir. Bu iştirak çərçivəsində cənab Prezidentimiz mühüm görüşlər keçirib - Slovakiyanın Baş nazirinin müavini Robert Kalinak, İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani və ABŞ-nin “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüş baş tutub.

Eyni zamanda dövlət başçısı “Fransa 24” kanalına və Azərbaycan televiziya kanallarına mühasibə verib”, – deyən E.Nəsirov əlavə edib ki, cənab Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfrasında nəqliyyat dəhlizlərinin əhəmiyyəti ilə bağlı paneldə iştirakı gözlənilir:

“Dövlət başçısının özünün də qeyd etdiyi kimi Azərbaycan enerji dəhlizlərinin yaradılması prosesinin fəal iştirakçısıdır. Bununla paralel olaraq, Azərbaycan nəqliyyat-kommunikasiya ilə bağlı məsələlərdə söz sahibidir, o cümlədən növbəti dövr üçün həm elektrik, həm də fiber-optik xətlərinin reallaşmasına öz töfhəsini vermək niyyətindədir”. 

Deputat bildirib ki, Azərbaycan regionda hazırkı proseslərdə önəmli rol oynayır:

“Cənab Prezident İlham Əliyevin “Fransa 24” telekanalına müsahibəsində Cənubi Qafqaz regionunda baş verən proseslər, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesi, Vaşinqtonda əldə olunan tarixi razılaşmalar, Ermənistanda referendumun keçirilməsi və Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılmasının zəruriliyi və nəhayət, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qaçılmaz prosesə çevrilməsi ilə bağlı səsləndirdiyi fikirləri təqdirəlayiqdir.

Prezidentimiz müsahibəsində Azərbaycan-Fransa münasibətlərinə də toxunub. Dövlət rəhbəri İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan-Fransa münasibətlərinin yüksək səviyyədə və Fransanın sabiq dövlət başçıları ilə sıx təmasların olduğunu qeyd edib.

Ən mühümü də diqqətə çatdırılıb ki, son beş ildə iki dövlət arasındakı münasibətlərdə problemlərin yaşanmasında Azərbaycan heç bir məsuliyyət daşırmır və münasibətlərin normallaşmasının tərəfdarıdır”.

Sonda E.Nəzirov vurğulayıb ki, 2026-ci ildə Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq əzmindədir:

“Qarşılıqlı etimad prosesi gedir. Azərbaycan ərazisindən keçməklə Ermənistana yüklərin daşınması üzərindən qadağalar aradan qaldırılıb. Azərbaycan artıq Ermənistana neft məhsulları ixrac edir. Qarşlıqlı etimadın formalaşması üçün mümkün olan bütün addımlar atılır. Bu reallıqlar fonunda inanırıq ki, regionumuzda davamlı və dayanıqlı sülh bərqərar olunacaq”. 

Yunis Abdullayev

"Cebheinfo.az"

Açar sözlər:

Münxen konfransı Elman Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
1
cebheinfo.az

2Mənbələr