AZ

Azərbaycanın humanitar missiyası

ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ukraynaya göndərilən enerji avadanlığı İrpen şəhərinə təhvil verilib

Azərbaycan vətəndaşları və şirkətləri tərəfindən Ukraynada enerji infrastrukturunun bərpası üçün göndərilən enerji avadanlıqları İrpen şəhərinə təhvil verilib.

Enerji avadanlıqlarının təhvilvermə mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev iştirak ediblər. Tədbirdə bildirilib ki, bu dəfə Azərbaycan tərəfindən 17 müxtəlif enerji generatoru, 4 portativ enerji sistemi və 3 istilik qurğusu göndərilib. Qeyd edilib ki, bu yardım Ukrayna üçün çətin dövrdə əsl həmrəyliyin və qardaşlıq yardımının daha bir parlaq nümunəsidir. Bu enerji avadanlıqları əsasən Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin istifadəsinə veriləcək.

Dost ölkənin enerji təsərrüfatında kritik durum

Uzanan müharibə Ukraynada həyatın bütün sahələrində son dərəcə kədərli izlər buraxmaqdadır. Aktiv döyüş əməliyyatlarının getdiyi bölgələrin milyonlarla sakini doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalıb. Uzaq mənzilli siahların işə salınması ilə artıq arxa cəbhə anlayışı da sıradan çıxıb. Təmas xəttindən uzaqda yerləşən kəndlər, şəhərlər də tez-tez raket zərbələrinə, dron hücumlarına məruz qalırlar. Ürək ağrıdan reallıq ondan ibarətdir ki, bu gün Ukraynanın ayrı-ayrı bölgələrində humanitar fəlakət yaşanır.

Ölkənin infrastruktur təminatında, xüsusilə də enerji təchizatında vəziyyət kritik dərəcədə ağırdır. Davamlı hava zərbələrinin nəticəsi olaraq enerji təchizatı obyektlərinə ciddi ziyan dəyib. Tələbat kəskin şəkildə ödənilmədiyinə görə ölkədə energetika sahəsində fövqəladə vəziyyət rejimi tətbiq olunub: hər yerdə saatlarla davam edən elektrik kəsintiləri baş verir ki, bu da biznesin fəaliyyətinin dayanmasına və məktəblərin distant təhsilə keçməsinə səbəb olur. Ən çətin vəziyyət Kiyevdə, eləcə də ölkənin mərkəzi, şimal və şərq bölgələrində müşahidə olunur. Paytaxt Kiyevdə, hava zərbələrinin nəticəsində enerji və istilik böhranı səbəbindən sakinlərin müvəqqəti sığınacağı üçün çadır şəhərcikləri salınır. Ətrafdakı çoxmənzilli evlərdən çadırlara köçən sakinlər bildiriblər ki, günlərdir mənzillərdə istilik, işıq və su yoxdur. Ukraynanın daxili işlər naziri İqor Klimenkonun sözlərinə görə, çadır şəhərciklərinin qurulması yeganə çıxış yolu oldu. İ.Klimenko deyib ki, bu çadır şəhərciklərindən biri minimum 300 nəfəri qəbul etmək imkanına malikdir.

O cümlədən Xarkov vilayətinin hakimiyyət orqanları regional fövqəladə vəziyyət elan ediblər. Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov  bildirib ki, Xarkov vilayətinin enerji infrastrukturu daim atəşə tutulur. Çətin vəziyyəti nəzərə alaraq, Xarkov vilayətinin enerji sektorunda regional fövqəladə vəziyyət elan edilməsi qərarı verilib.

Belə çətin durumda ölkənin xarici işlər naziri Andrey Sıbiqanın təşəbbüsü ilə “Ukrayna üçün istilik (WarmForUkraine)” adlı qlobal aksiyayaya start verilib. Aksiyanın məqsədi Ukrayna üçün generatorların və istilik qurğularının alınması məqsədilə vəsait toplamaqdır. Çağırış bütün dünyada olduğu kimi, Azərbaycanda da rəğbətlə qarşılanıb.

Qeyd edək ki, müharibə başlayandan bəri Azərbaycanın Ukraynaya yardımı davamlı hal alıb. Respublikamızdan dost ölkəyə yardımlar müxtəlif istiqamətlərdə göstərilir. O cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü  əsasında ölkəmizdə Ukraynadan olan uşaqlar üçün reabilitasiya kursları təşkil olunub. Həmin proqramlar çərçivəsində Ukraynadan olan uşaqlar həm respublikamızın ayrı-ayrı guşələrini gəziblər, həm də onlar 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər.

Eyni zamanda, dost Ukrayna xalqı Azərbaycanın yardımlarını minnətdarlıq hissii ilə qəbul edir. Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik KİV-ə açıqlamasındaUkraynaya uzunmüddətli dəstəyə görə, Azərbaycan xalqına və hökumətinə təşəkkür edib. “Bu dəstəyin bölgəmiz və xüsusilə də işğala, böyük əzablarla dözən, lakin indi bərpa olunmağa davam edən İrpen şəhəri üçün əhəmiyyəti böyükdür. Bu generatorlar bölgəmizdə insanların əsas ehtiyaclarını - su, istilik və elektrik enerjisini təmin edir”, - deyə Mikola Kalaşnik əlavə edib.

Xatırladaq ki, indiyədək Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ümumi dəyəri 45 milyon dollara yaxındır.

Azərbaycanın bütün dünyanı əhatə edən yardım proqramları

Ərazi bütövlüyünü və suverenliyini tam təmin edən  Azərbaycan da zamanında ədalətsiz müharibəyə cəlb olunan və humanitar fəalakətlə üzləşən ölkədir. Buna görə də dövlətimiz və cəmiyyətimiz  dünyanın ayrı-ayrı bölgələrində yaşanan humanitar böhranlara həssas yanaşma sərgiləyir.  Ölkəmiz daim o mövqedən çıxış edir ki, qlobal təhdidlər qarşısında beynəlxalq həmrəylik daha da gücləndirlməlidir. Bu gün biz qürur duyuruq ki, güclü Azərbaycanın dünyanın ayrı-ayrı regionlarını əhatə edən yardım proqramları uğurla icra edilir və bundan milyonlarla insan faydalanır.

Bu barədə konkret təsəvvürün yaranması üçün bəzi faktları xatırlatmaq yerinə düşər. Qlobal səhiyyə böhranı dövründə Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmayıb. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib. Təbii ki, bu ölkəmizin Hərəkatın sədri kimi məsuliyyətinin və bəşəri dəyərlərə verdiyi önəmin göstəricisidir. Həmçinin Azərbaycan sözügedən məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verib. Prezident İlham Əliyev 2019-cu ildə kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqətin ayrılmalı olduğunu gündəmə gətirib. Dövlətimizin başçısı  Qoşulmama Hərəkatının sammiti zamanı inkişaf edən kiçik ada dövlətlərinin və Afrika ölkələrinin pandemiyadan sonra daha yaxşı bərpası üçün Qlobal Çağırışlar elan edib və ilk donor olaraq ölkəmiz bu məqsədlə hər iki Çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Suriyaya dəstək Azərbaycanın humanitar missiyasının daha bir ifadəsidir. Artıq Suriyada yeni dönəm başlayıb. Ölkənin keçid dövrü hakimiyyəti Bəşər Əsəd rejiminin kədərli miraslarının aradan qaldırılması kimi ağır bir prosesə başlayıb. Çətinliklə də olsa, işlər irəliləyir. Respublikamız Suriyaya dəstəyini ilk ifadə edən dövlətlər  sırasında yer alır. Bu dəstək müxtəlif istiqamətləri əhatə  edir. O cümlədən, ölkəmizdən Suriyaya qaz ixracına da start verilib.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
yeniazerbaycan.com

2Mənbələr