AZ

Makron sülh danışıqlarında sərt mövqeyini dəyişmir

Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi çərçivəsində aparılan sülh danışıqlarında avropalılar olmadan sülhün mümkün olmayacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Makron 62-ci Münxen Təhlükəsizlik Konfransında (MSC) çıxışı zamanı daha güclü Avropanın, ABŞ da daxil olmaqla müttəfiqlər üçün daha faydalı olacağını deyib.

Avropanın son dövrlərdə kənarda saxlanıldığını vurğulayan Makron, Avropa İttifaqının (Aİ) köhnəlmiş və təsirini itirmiş qurum olduğu yönündə tənqidlərə məruz qaldığını qeyd edib:

“Rəqiblərimiz istisna olmaqla hamı bizə güclənməli olduğumuzu deyir. Bəzən biz özümüz də əsassız şəkildə özümüzə mane oluruq. Düşünürəm ki, bunu həll etməliyik”.

Ukraynanın avropalılar üçün ən böyük məsələ olduğunu bildirən Makron, ABŞ Prezidenti Donald Trampın Ukraynada “sülh”ün təmin olunması istəyini dəstəklədiyini ifadə edib. Sülhə yaxınlaşdıqlarını qeyd edən Makron əlavə edib: 

“Sülh formalaşmağa başlayarkən Rusiya mülki şəxslərlə yanaşı strateji və kritik infrastruktura hücumlarını davam etdirir”.

Makron Rusiyanın tələblərinə boyun əyməmək və bu ölkəyə qarşı təzyiqi artırmaq mövqeyini bölüşərək bildirib:

“Rusiya NATO-nun genişlənməsinə qarşı mübarizə apardığını iddia edirdi. Nəticə isə İsveç və Finlandiyanın NATO-ya qoşulması oldu. İndi isə Avropa genişmiqyaslı silahlanmaya başlayıb.

Bəzi dövlət və hökumət başçılarının Ukraynanı Rusiyanın şərtlərini qəbul etməyə çağırdığını görürəm. Bu, strateji səhvdir”.

Rusiyanın “kölgə donanması”na qarşı tədbirlərin davam etdirilməli olduğunu bildirən Makron sözlərini belə davam etdirib:

“Avropalılar olmadan sülh olmayacaq. Avropalılar olmadan danışıqlar apara bilməyəcəksiniz, buna əmin olun. Biz masada olmasaq, ukraynalılar da masada olmayacaq”.

Makron Ukrayna və ABŞ ilə birlikdə Rusiya ilə şəffaf kommunikasiya kanalı yaradılmasının vacibliyini vurğulayaraq bildirib:

“Biz həllin bir hissəsiyik, buna görə də sülh danışıqlarına daxil edilməliyik”.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr