AZ

“Azərbaycan beynəlxalq arenada ABŞ üçün mühüm tərəfdaşlardan birinə çevrilib”

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı ilə Vaşinqton arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. Dünyada gedən geosiyasi proseslər, beynəlxalq təhlükəsizlik arxitekturasında baş verən dəyişikliklər və enerji bazarlarında artan qeyri-müəyyənlik Azərbaycan-ABŞ münasibətlərinin daha sistemli və məqsədyönlü şəkildə inkişafını zəruri edib. Xüsusilə enerji təhlükəsizliyi, regional sabitliyin qorunması, nəqliyyat və logistika dəhlizlərinin əhəmiyyəti iki ölkə arasında dialoqun intensivləşməsinə əlavə impuls verib.Bu kontekstdə Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan ilə ABŞ arasında münasibətlərin institusional əsaslarını möhkəmləndirən mühüm sənəd kimi qiymətləndirilir. Xartiya siyasi dialoq, iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri, enerji və humanitar sahələrdə qarşılıqlı fəaliyyət üçün çərçivə rolunu oynayır. Sənəd tərəflərin maraqlarının uzlaşdırılmasına, regional təhlükəsizliyin gücləndirilməsinə və qarşılıqlı etimadın artırılmasına xidmət edir.Eyni zamanda, Strateji Tərəfdaşlıq Xartiyası uzunmüddətli əməkdaşlıq perspektivlərini genişləndirir və tərəflərə yeni çağırışlara birgə cavab vermək imkanı yaradır. Bu yanaşma Azərbaycan-ABŞ münasibətlərinin təkcə ikitərəfli deyil, həm də regional və qlobal miqyasda daha praqmatik və dayanıqlı əsaslar üzərində inkişaf etməsinə şərait yaradır.Bu barədə Milli Məclisin deputatı Müşfiq Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlama verib.

O deyib ki, Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçmiş, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginliklə müşayiət olunub:

“ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanmasını ifadə edir. Bu səfər qarşılıqlı faydalı strateji əlaqələrin genişləndirilməsinə, iki ölkə arasında iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib. Vensin səfərini ötən il Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların davamı kimi qiymətləndirərdim. Bəli, son illərdə Azərbaycan beynəlxalq arenada ABŞ üçün mühüm tərəfdaşlardan birinə çevrilib. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri sıradan diplomatik təmas deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisədir”.O bildirib ki, Azərbaycan ABŞ üçün həm Mərkəzi Asiyaya, həm də Türk dünyasına açılan strateji pəncərə rolunu oynayır:

“Məhz bu baxımdan vitse-prezidentin səfəri həm regional balansın qorunması, həm də sülh prosesinin irəliləməsi üçün əhəmiyyətli addımdır. Vitse-prezident çıxışında Azərbaycanda hökm sürən tolerant mühiti qeyd edərək, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin bir ailə kimi sülh və dostluq şəraitində yaşadığını bildirib. İki ölkə fəal və səmərəli birgə işə, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığı bundan sonra da qətiyyətlə davam etdirəcək. İmzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına dair strateji baxışı əks etdirir”.Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası üzərində təxminən bir il müddətində iş aparılıb:

“Xüsusilə ötən ilin fevral ayında ABŞ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər etmiş və sənədin hazırlanması prosesi məhz həmin dövrdən etibarən intensiv xarakter almışdı. ABŞ və Azərbaycan arasında prezidentlər səviyyəsində strateji dialoqun dərinləşdirilməsi, eləcə də ötən ilin avqustunda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar fonunda sənədin paraflanması münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. Bu proses ABŞ-nin Cənubi Qafqaza siyasi baxışında da müəyyən dəyişikliklərə səbəb oldu və iki ölkə arasında dialoqun artıq strateji xətt üzrə davam etdirilməsi istiqamətində zəmin formalaşdırdı. ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər. Bu sənəd ABŞ-a Cənubi Qafqazda siyasi mövqelərini möhkəmləndirmək imkanı verir”.Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərinə, təhlükəsizlik və milli maraqlarına da cavab verir:“Xəzər hövzəsində və regionda terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar açılır. Yeni dünya nizamında Azərbaycanın ikitərəfli əlaqələrə verdiyi önəmin məntiqi nəticəsi olaraq, bu sənəd iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir. Azərbaycan ikitərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır və bu, bir sıra regional problemlərin həllinə də töhfə verə bilər. Hesab etmək olar ki, ABŞ-nin regiona baxışında Azərbaycanla strateji əlaqələrin gücləndirilməsi həm regional, həm də beynəlxalq müstəvidə iki ölkənin daha sıx əməkdaşlıq etməsinə və ortaq mövqedən çıxış etməsinə şərait yaradacaq”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
demokrat.az

1Mənbələr