AZ

Naftalanda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilmişdir

Naftalanda şəhər icra hakimiyyətinin təşkilatçılığı və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycan memarlıq ənənələri-müasir çağırışlar" mövzusunda tədbir keçirilmişdir.

İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən fotoeksponatlara və Azərbaycan memarlıq nümunələrini  əks etdirən kitablardan ibarət sərgi ilə tanış olmuşlar. Sonra tədbir çərçivəsində Azərbaycanın tarixi, milli ənənələri, eləcə də ölkəmizin qədim və müasir memarlıq nümunələrini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan memarlıq məktəbinin zəngin irsinin qorunması, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalarla zənginləşdirilməsi, eləcə də şəhərsalmanın tarixi inkişaf yolundan danışmış, Azərbaycan memarlıq məktəbinin formalaşmasında və şəhərsalma sahəsinin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açmışlar. 

Çıxışlarda qeyd edilmişdir ki, Prezident İlham Əliyevin 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi ölkə mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək töhfələr verəcək. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürü olacaq. 

Çıxışlarda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tarixi-memarlıq abidələrinin qorunması və bərpası istiqamətində görülən işlərdən də söhbət açılmış, milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasında mühüm işlər görüldüyü qeyd edilmişdir.

S.YUNİSOĞLU,

"Azərbaycan"

Seçilən
135
azerbaijan-news.az

1Mənbələr