Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması dövlətimizin daha bir qələbəsi idi. Bu qələbəni bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz bəxş etmişdir.
Bu günlər Qazax Rayon İcra Hakimiyyətində həmin kəndlərin bir qrup sakini ilə görüş keçirilmişdir. Görüşdə RİH-in başçısı Rəcəb Babaşov çıxış edərək uzun illər vətən həsrəti çəkən sakinləri doğma kəndlərinin qaytarılması münasibətilə bir daha təbrik etmiş və 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərində doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazaxın dörd kəndi hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılmışdır. R.Babaşov həmçinin Şərqi Zəngəzurda və Qarabağda həyata keçirilən quruculuq işlərindən danışmış və tezliklə Qazaxın 4 kəndinin də yenidən qurulacağını, sakinlərin doğma yurdlarına qayıdacaqlarını söyləmişdir.
Görüşdə kənd sakinləri çıxış edərək hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına hər zaman əmin olduqlarını söyləmişlər. Onlar hazırda doğma yurda qovuşmağın sevincini yaşadıqlarını dilə gətirərək, o günü səbirsizliklə gözlədiklərini ifadə etmişlər.
Sabir ƏLİYEV,
"Azərbaycan"