AZ

İraq “İslam Dövləti” məhbuslarının bir hissəsinin ölkələrinə qaytarılacağına ümid edir

BAKI, 14 fevral. TELEQRAF

İraq hökuməti “İslam Dövləti” terror qruplaşmasına mənsub məhbusların bir hissəsinin tezliklə öz ölkələrinə repatriasiya ediləcəyi ilə bağlı digər dövlətlərlə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Reuters” agentliyinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Bağdad ərəb və müsəlman ölkələri də daxil olmaqla bir sıra dövlətlərlə məhbusların öz vətəndaşlıqları olan ölkələrə qaytarılması məsələsini müzakirə edir. O vurğulayıb ki, Suriyadan İraqa köçürülənlərin sayının artması fonunda Bağdadın həm maliyyə dəstəyinə ehtiyacı var, həm də təhlükəsizlik riskləri ilə bağlı narahatlıq mövcuddur.

Fuad Hüseyn qeyd edib ki, artıq təxminən 3 min nəfər İraq həbsxanalarına köçürülüb və proses davam edir. Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, ABŞ ordusu Suriyadan İraqa 5 min 700 nəfər yetkin kişi “İslam Dövləti” məhbusunun köçürülməsi ilə bağlı missiyanı başa çatdırıb. Yanvar ayında bu rəqəmin 7 minə çatdırılacağı gözlənildiyi açıqlanmışdı.

“Reuters” yazır ki, rəqəmlər arasındakı fərqlə bağlı İraq rəsmiləri dərhal açıqlama verməyiblər.

Nazir bildirib ki, minlərlə terrorçunun uzun müddət İraqda qalması təhlükəsizlik baxımından çox risklidir və buna görə də müxtəlif ölkələrdən maliyyə dəstəyi istənilib. O, həmçinin bəzi ölkələrlə onların vətəndaşı olan döyüşçülərin geri qəbul edilməsi barədə danışıqlara başlandığını deyib. Fuad Hüseyn qeyd edib ki, Avropa ölkələri isə hüquqi sistemlərinə görə bu məsələdə daha ehtiyatlı davranırlar, çünki bəzi hallarda məhbusların daha tez azadlığa buraxılması riski var.

İraqın xarici işlər naziri Suriyada “İslam Dövləti”nin fəaliyyətində son vaxtlar artım müşahidə olunduğunu da bildirib. Onun sözlərinə görə, Suriyanın şimal-şərqində kürdlərin rəhbərlik etdiyi qüvvələrlə Dəməşq administrasiyası arasında gərginlik fonunda terror qruplaşmasının fəallaşması Bağdadı ciddi narahat edir.

Xatırladaq ki, “İslam Dövləti” 2014-cü ildə Suriya və İraqın geniş ərazilərini ələ keçirmiş, beş il sonra isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən sıxışdırılıb çıxarılmışdı. Buna baxmayaraq, qruplaşmanın qalıqları hələ də bölgədə fəaliyyət göstərir.

Seçilən
37
teleqraf.com

1Mənbələr