AZ

KİV: Tramp İranın nüvə obyektlərinə zərbələr endirilməsi variantını nəzərdən keçirir

BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqların nəticəsiz qalacağı təqdirdə İranın nüvə və raket proqramı obyektlərinə zərbələr endirilməsi imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, müzakirə olunan variantlar arasında İranın nüvə infrastrukturu və ballistik raketlərin buraxılması imkanlarına qarşı hərbi əməliyyatlar da var. Qəzet qeyd edir ki, Tramp ayrı-ayrı hərbi obyektlərə qarşı əməliyyatlar üçün ABŞ xüsusi təyinatlılarının göndərilməsi ehtimalını da araşdırır.

Eyni zamanda, “The New York Times” bildirir ki, milli təhlükəsizlik komandasının nümayəndələri prezidentə hələlik addım atmamağı tövsiyə ediblər. Onların fikrincə, Pentaqon bölgədə mümkün cavab addımlarına qarşı həssas ola biləcək 11 ölkədə zərbə imkanlarını artırdığı və müdafiəni gücləndirdiyi müddətdə hərəkətlər təxirə salınmalıdır.

Xatırladaq ki, Tramp daha əvvəl İranla razılaşmanın əldə edilməsinin vacibliyini bəyan etmişdi. Bundan başqa, “The New York Times” ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısının Fars körfəzinə göndərilməsi barədə də məlumat yaymışdı.

Seçilən
13
teleqraf.com

1Mənbələr