AZ

Villalar Saleh Məmmədova qaldı, çuxurlu yollar vətəndaşa – Cavabdeh KİM(LƏR)DİR?

Azərbaycanda “köhnə oliqarxiya” dövrünün daha bir səhifəsi bağlanmış kimi görünür. Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) uzun illər sədri olmuş Saleh Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə “yeni nəsil texnokrat” kimi təqdim olunan Vüsal Nəsirli təyin olunub.

KONKRET.az xəbər verir ki, vəzifədən gedişdən dərhal sonra mediada və sosial şəbəkələrdə Məmmədovun və ailə üzvlərinin lüks həyat tərzi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Bildirilir ki, onun Bakı və Novxanı da daxil olmaqla müxtəlif bölgələrdə çoxsaylı villaları, bahalı avtomobil kolleksiyası var. Eyni zamanda, yaxın qohumlarının da AAYDA strukturunda müxtəlif vəzifələr tutduğu qeyd olunur.

Məmmədov uzun illərdir ölkənin ən çox maliyyələşən dövlət qurumlarından birinə rəhbərlik edib. AAYDA dövlət büdcəsindən milyardlarla manat vəsait alan, ölkədə yol infrastrukturu layihələrini həyata keçirən əsas qurumdur. 2000-ci illərin ortalarından etibarən Azərbaycanda genişmiqyaslı yol tikintisi və yenidənqurma proqramları icra olunub, minlərlə kilometr yol çəkilib, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq magistralların tikintisinə start verilib. Azərbaycanın əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi müasir yol şəbəkəsini strateji zərurətə çevirib.

Lakin yeni yolların tez sıradan çıxması artıq illərdir ictimai narazılıq doğurur. İstismara verilmiş bəzi yollar iki-üç il sonra dağılır, asfalt örtüyündə çökmələr, çatlar və deformasiyalar yaranır. Bu isə işlərin keyfiyyətinə və ayrılan vəsaitlərin təyinatına uyğun xərclənib-xərclənmədiyinə dair suallar doğurur.

Saleh

2019-cu ildə Hesablama Palatasının AAYDA-da apardığı yoxlamalar göstərmişdi ki, agentliyin balansında olan avtomobil yollarının cəmi 35,8 faizi keyfiyyətli örtüyə (I, II və III kateqoriya) malikdir. Həmçinin agentliyin təqdim etdiyi məlumatlarla Dövlət Statistika Komitəsinin rəqəmləri arasında ciddi uyğunsuzluqlar aşkarlanmışdı. Bəzi hallarda yolların saxlanmasına ayrılan vəsaitlər təsdiqlənmiş normativlərə uyğun olmayıb, tabeli MMC-lərin əməkhaqqı göstəricilərində isə ziddiyyətlər qeydə alınıb.

Redaksiyanın əldə etdiyi daxili yoxlama aktlarında da bir sıra ciddi nöqsanlar göstərilir. Məsələn, 2019-cu ildə tikilmiş 46 kilometrlik Quba–Qonaqkənd yolunda artıq 2021-ci ildə çoxsaylı çökmələr və çatlar aşkarlanıb. Layihədə nəzərdə tutulan bəzi konstruktiv elementlərin, o cümlədən suötürücü boruların, hidroizolyasiyanın və deformasiya rezinlərinin quraşdırılmadığı məlum olub. Eyni hal Quba–Xaçmaz, Lənkəran–Lerik, Daşkəsən–Əmirvar–Qabaqtəpə və digər yollar üzrə də qeydə alınıb.

Bəzi körpülərdə layihədə nəzərdə tutulan hissələr ümumiyyətlə tikilməyib, asfalt-beton örtük normativlərə uyğun döşənməyib. Lakin bu layihələri həyata keçirən podratçı qurumların məsuliyyətə cəlb olunması ilə bağlı açıq məlumat yoxdur.

Regional mənbələr AAYDA-nın bəzi tabeli qurum rəhbərlərinin Səlah Məmmədova yaxın şəxslər olduğunu iddia edir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Məmmədovun ölkə üzrə azı 20-yə yaxın villası var. Onun bəzi qohumlarının isə hələ də agentlikdə yüksək vəzifələr tutduğu bildirilir.

Beləliklə, illər ərzində dövlət büdcəsindən ayrılan milyardlarla manat vəsait hesabına çəkilən yolların keyfiyyəti ilə bağlı suallar qalmaqda davam edir. Bir tərəfdə villalar və lüks həyat tərzi ilə bağlı iddialar, digər tərəfdə isə iki-üç ilə sıradan çıxan yollar – bu ziddiyyət cəmiyyətdə “asfaltın altındakı korrupsiya” müzakirələrini yenidən gündəmə gətirir.

Mənbə: Haqqin.az
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr