Ermənistanın strateji vektorunu dəyişməsi uzun müddətdir ki, müzakirə edilir. Analitiklər hesab edirlər ki, İrəvanın Moskvanın orbitindən çıxıb Vaşinqtonun siyasi-strateji orbitinə daxil olması prosesi daha da sürətlənir. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İrəvana səfəri belə arqumentləri daha da möhkəmləndirib.
Bu barədə Baku TV-nin video materialında bildirilir.
Qeyd olunur ki, səfər milyardlarla dollarlıq razılaşmalarla yadda qalıb.
Məlumatlara görə, ABŞ ilk dəfə olaraq Ermənistana "Hivemind" hərbi proqram təminatına giriş və onu istehsal etmək üçün lisenziya verəcək. Bu, Donald Tramp Administrasiyasının bu ölkəyə ən ciddi dəstəyi hesab olunur. Ermənistan rəsmiləri bildiriblər ki, hazırda istehsalla bağlı anlaşma yoxdur. Ancaq proqram təminatından istifadə nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, Ermənistan Birləşmiş Ştatlardan 11 milyon dollarlıq razılaşmanın bir hissəsi kimi V-BAT dronları alıb. Ermənistana "Hivemind" proqram təminatına girişə icazə verilməsi məhz həmin dronların istifadəsi üçün nəzərdə tutulub. Qeyd edək ki, Ermənistanın öz arsenalına belə dronları daxil etməsi həm də onun coğrafi şəraiti ilə əlaqədardır. Məlumdur ki, Zəngəzur bölgəsi dağlıq ərazidir. V-BAT PUA-ları isə qalxmaq üçün uçuş zolağına ehtiyac duymur. Həmin aparatlar yük maşınlarının bortundan və ya gəmi göyərtəsindən rahatlıqla havaya qalxa bilir.