"Biz bu püşkdən şikayət etmirik. Bilirik ki, bu qrupdakı komandalar bizim üçün məğlubedilməz deyil. Amma heç kim bizə asan oyunlar vəd etmir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Litva mediasına deyib.
D liqasının püşkünü dəyərləndirən mütəxəssis əvvəlcə rəqibləri Azərbaycan və Lixtenşteyn millisini müqayisə edib:
"Əlbəttə ki, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan futbolçuları var.
Çünki "Qarabağ" tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatın ən seçilən komandasıdır və milli komandaya ən çox oyunçunu onlar göndərir.
Bilirik ki, Azərbaycan millisi cənub tipli, kifayət qədər texnikalı yığmadır. Son illərdə ən yaxşı dövrlərini yaşamayıblar.
Amma düşünürəm ki, azərbaycanlılar da öz oyun və nəticələrindən razı deyillər. Qrupdakı bütün komandaların məqsədi eynidir – daha yuxarı pilləyə qalxmaq”.
Azərbaycan millisi Litva ilə sentyabrın 27-də səfərdə, oktyabrın 4-də Bakıda qarşılaşacaq.