AZ

Merts: Almaniya Avropada hegemon rolundan birdəfəlik imtina edib...

Almaniya kansleri ölkəsinin böyük dövlət siyasətinə qayıtmayacağını və tarixi dərsdən nəticə çıxardığını bəyan edib...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Almaniyanın Avropada hegemonluq rolundan birdəfəlik imtina etdiyini açıqlayıb. O, bu barədə 62-ci Münhen Təhlükəsizlik Konfransı zamanı çıxışında danışıb. Kansler vurğulayıb ki, Almaniya tarixi dərsləri düzgün qiymətləndirib və artıq Avropada böyük dövlət siyasəti yürütmək niyyətində deyil.

“Avropada böyük dövlət siyasəti Almaniya üçün seçim deyil”, – deyə Merts bildirib. Onun sözlərinə görə, Berlin tərəfdaşlığa əsaslanan liderlik modelinə üstünlük verir, lakin hegemonluq iddiasında deyil. Kansler qeyd edib ki, Almaniya bundan sonra “təkbaşına hərəkət etməyəcək”, çünki keçmişin səhvlərindən nəticə çıxarılıb.

Merts çıxışında Avropa İttifaqının imkanları ilə bağlı da diqqətçəkən məqamlara toxunub. O, bildirib ki, Avropa İttifaqı iqtisadi baxımdan güclü olsa da, bu, hərbi və geosiyasi baxımdan eyni səviyyədə üstünlük anlamına gəlmir. Kanslerin sözlərinə görə, Aİ-nin ümumi daxili məhsulu Rusiya iqtisadiyyatından təxminən on dəfə böyükdür, lakin bu, Avropanın Rusiyadan on dəfə güclü olması demək deyil.

Almaniya hökumət başçısı Ukrayna münaqişəsi kontekstində Moskva ilə dialoq məsələsinə də münasibət bildirib. O, prinsip etibarilə Rusiya ilə danışıqlara qarşı olmadığını desə də, hazırkı mərhələdə Kremlin məzmunlu və real danışıqlara hazır olmadığı qənaətində olduğunu ifadə edib.

Kanslerin bəyanatları Avropada təhlükəsizlik arxitekturasının gələcəyi, Aİ-nin müdafiə qabiliyyətinin artırılması və transatlantik münasibətlərin perspektivi ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrə təsadüf edir. Merts Almaniyanın bundan sonra Avropada daha çox koordinasiya olunmuş, kollektiv qərarverməyə əsaslanan xətt yürüdəcəyini və tərəfdaş ölkələrlə birgə hərəkətə üstünlük verəcəyini bildirib.

Poliqon.info

Seçilən
45
poliqon.info

1Mənbələr