AZ

Futbolda qaydalar dəyişir – IFAB mühüm dəyişikliklərə hazırlaşır 

Oyunun qaydalarını müəyyən edən Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) fevralın 28-də keçiriləcək Baş Assambleya iclasında 2026–2027 mövsümündən tətbiq olunacaq mühüm dəyişiklikləri təsdiqləməyə hazırlaşır.

İdmanxeber.az İspaniyanın “Mundo Deportivo” nəşrinə istinadən verdiyi məlumata görə, qəbul ediləcəyi təqdirdə yeni qaydaların 1 iyuldan etibarən qüvvəyə minməsi gözlənilir.

OYUNUN SÜRƏTİNİN ARTIRILMASI

Out və künc zərbələri zamanı vaxt itkisini azaltmaq üçün geri sayım sistemi və topun daha sürətli oyuna daxil edilməsi məsələsi müzakirəyə çıxarılıb. Eyni zamanda əvəzlənən futbolçuların meydanı tərk etməsi üçün 10 saniyəlik vaxt limiti tətbiq olunması planlaşdırılır.

Zədələndikdən sonra meydanda tibbi yardım alan oyunçuların müəyyən müddət kənarda qalmasını nəzərdə tutan dəyişiklik isə hələlik sınaq mərhələsində qiymətləndiriləcək.

Qapıçıların topu oyuna daxil etməsi ilə bağlı mövcud 8 saniyəlik qaydanın daha effektiv tətbiqi üçün əlavə tədbirlərin görülməsi də gündəmdədir.

VAR PROTOKOLU GENİŞLƏNDİRİLƏCƏK

Hazırda qırmızı vərəqə, penalti, qol və oyunçu identifikasiyası ilə bağlı səhvlər VAR tərəfindən yoxlanılır. Yeni dəyişikliklərə əsasən, ikinci sarı vərəqədən sonra verilən qovulmalar da “açıq səhv” olduğu halda videoicmal predmetinə çevrilə bilər. Xüsusilə yanlış futbolçuya vərəqə göstərilməsi kimi hallarda qərarın düzəldilməsi və düzgün oyunçunun cəzalandırılması hədəflənir.

HAKİM TEXNOLOGİYALARI

Futbolçuların matç zamanı istifadə edə biləcəyi aksesuarlarla bağlı qaydaların yenilənməsi mümkündür. Bundan başqa, hakimlərin bədən kamerası da daxil olmaqla yeni texnologiyalardan istifadəsinə icazə verilməsi məsələsi müzakirə olunur. Qeyd edək ki, bu cür tətbiqlər daha əvvəl FIFA turnirlərində sınaqdan keçirilib.

PENALTİDƏ “İKİNCİ TOXUNUŞ” QAYDASI DƏQİQLƏŞDİRİLİR

Ötən mövsüm Xulian Alvaresin penalti zərbəsindən sonra yaranan mübahisələr fonunda bu məsələ qaydalarda daha açıq şəkildə təsbit olunacaq.
Qərara əsasən, istəmədən ikinci toxunuş olarsa və top qapıya daxil olarsa, penalti təkrar icra ediləcək.
Top qapıya daxil olmazsa, endirilmiş cərimə zərbəsi təyin ediləcək (penaltilər seriyasında isə zərbə qaçırılmış sayılacaq). İkinci toxunuşun qəsdən edildiyi müəyyənləşərsə, birbaşa endirilmiş cərimə zərbəsi veriləcək.

DİGƏR MƏSƏLƏLƏR

Aşkar qol şansının qarşısının alınması (DOGSO) meyarlarında dəyişiklik ehtimalı nəzərdən keçiriləcək. Ofsayd qaydasında hazırda dəyişiklik planlaşdırılmır, lakin Arsen Vengerin təklifi müzakirə mövzusu olacaq.

“Sadece kapitan danışır” prinsipi və yarı avtomatik ofsayd texnologiyasının inkişafı da yenidən qiymətləndiriləcək.

Bundan başqa, A milli komandalar səviyyəsində keçirilən yoldaşlıq oyunlarında əvəzetmə sayının artırılması da müzakirə olunan məsələlər sırasındadır.

Seçilən
12
idmanxeber.az

1Mənbələr