AZ

"Razılaşma əldə edilməsə, Tehran üçün çox ağrılı olacaq" - Tramp

"Vaşinqton danışıqları sürətləndirir, regiona əlavə hərbi siqnallar göndərilir..."

ABŞ prezidenti Donald Tramp İranla yaxın vaxtlarda razılaşma əldə olunmalı olduğunu bəyan edib və qeyd edib ki, əks halda proses "çox travmatik" mərhələyə keçə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

"Razılaşma olmalıdır"

Trampın sözlərinə görə, razılaşma "ədalətli və yaxşı" olmalıdır, əks halda Tehranı "çətin zaman" gözləyir. Vaxt çərçivəsinə toxunan prezident ehtimal kimi "təxminən bir ay" ifadəsini işlədib, lakin danışıqların daha uzun çəkə biləcəyini də istisna etməyib. O, vurğulayıb ki, razılaşma əldə olunmazsa, "ikinci mərhələ" başlayacaq və bu mərhələ İran üçün ağır olacaq.

Bu il ABŞ və İran arasında ilk danışıqlar fevralın 7-də Omanda keçirilib. İranın xarici işlər naziri Abbas Araqçı bəyan edib ki, Tehran uranın "sıfır zənginləşdirilməsi" siyasətini qəbul etməyəcək və proqramı dinc məqsədlərlə davam etdirəcək.

Hərbi təzyiq və aviadaşıyıcı siqnalı

Diplomatik ritorika fonunda ABŞ regiondakı hərbi mövcudluğunu da gücləndirir. "The New York Times  yazır ki, "USS Gerald R. Ford" Yaxın Şərq istiqamətinə yönəlib və bölgədə artıq yerləşən "USS Abraham Lincoln" qrupuna qoşula bilər. Eyni zamanda "The Wall Street Journal" Pentaqonun daha bir "USS George H.W. Bush" aviadaşıgıcının mümkün göndərişinə hazırlaşdığını yazıb.

Rəsmi qərar hələ verilməsə də, bu addım danışıqlarla paralel hərbi təzyiq mexanizminin saxlanıldığını göstərir. İranın ali lideri Ali Xamenei isə videomüraciətində ölkə daxilində keçirilən mitinqləri "düşmənləri məyus edən" hadisə adlandırıb və İranın təzyiqlərə boyun əyməyəcəyini bildirib.

Netanyahunun səfəri və Vaşinqton amili

Bu fonda İsrail baş naziri Benyamin Netanyahu ilə Tramp arasında keçirilən görüş diqqət mərkəzindədir. İsrail mətbuatının, o cümlədən "Maariv" qəzetinin yazdığına görə, Netanyahu Vaşinqtondan açıq razılaşma olmadan qayıdıb, lakin əsas qərarların ABŞ-da veriləcəyini daha aydın anlayıb.

İsrail İranla mümkün razılaşmanın yalnız nüvə proqramı ilə məhdudlaşmamasını, ballistik raketlər və regional qüvvələri də əhatə etməsini istəyir. Lakin Tramp hələlik konkret şərtləri açıqlamayıb. Bu isə Vaşinqtonun diplomatik kanalı sınaqdan keçirməyə çalışdığını, eyni zamanda hərbi rıçaqları masada saxladığını göstərir. Beləliklə, son qərarın Vaşinqtonda veriləcəyi artıq gizli deyil.

Seçilən
39
1
moderator.az

2Mənbələr