AZ

Uşaqlar Ramazanda oruc tuta bilər?

Bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi gözlənilir. Məlumdur ki, Ramazan ayında oruc tutmaq müsəlmanlar üçün vacib ibadətlərdən biri və dini borc hesab olunur. Bu ay yaxınlaşdıqca valideynləri düşündürən əsas məsələlərdən biri də uşaqların oruc ibadəti ilə bağlıdır. Bəs uşaqlar üçün oruc hansı yaşdan vacib sayılır və valideynlər bu məsələdə nələrə diqqət etməlidirlər?İlahiyyatçı Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, İslamda oruc ibadəti konkret yaş həddinə deyil, həddi-büluğa bağlanır: “Qurani-Kərimdə buyurulur ki, sizdən hər kim Ramazan ayına yetişərsə, oruc tutsun. Bu ayə yetkin, məsuliyyət daşıyan insana aiddir. Fiqh alimləri, o cümlədən İmam Əbu Hənifə bildirir ki, oruc fərz olması üçün əsas şərt həddi-büluğa çatmaqdır. Həddi-büluğ qızlarda və oğlanlarda bioloji dəyişikliklərlə müəyyən olunur. Bu əlamətlər görünməzsə, alimlərin çoxuna görə yuxarı yaş həddi əsas götürülür. Peyğəmbərimiz Məhəmməd buyurur ki, qələm üç şəxsdən qaldırılmışdır, onlardan biri uşaqdır, həddi-büluğa çatana qədər. Bu hədis açıq şəkildə göstərir ki, uşağa dini məsuliyyət yüklənmir. Deməli, oruc uşağa fərz deyil”.Ə.Həsənovun sözlərinə görə, burada başqa bir incə məqam odur ki, səhabələrin təcrübəsində uşaqlar tədricən oruca alışdırılırdı. Ancaq bu, məcburiyyət yox, tərbiyə idi: “Uşaq ibadəti sevərək öyrənməlidir, qorxu ilə deyil. Klassik alimlər yazırdılar ki, valideyn uşağa namazı yeddi yaşdan öyrədir. Bu, öyrətməkdir, məcbur etmək deyil. Oruc da eyni prinsiplə tədricən tanıdılır. Müasir tibb də göstərir ki, uşağın orqanizmi tam formalaşmadan uzun müddətli susuz qalmaq sağlamlığa təsir edə bilər. Xüsusilə 7–10 yaş arası uşaqlarda metabolizm sürətlidir. Ona görə valideyn uşağın fiziki vəziyyətini nəzərə almalıdır. Əgər uşaq zəifdirsə, qanazlığı varsa, xroniki xəstəliyi varsa, onu oruca məcbur etmək düzgün deyil. Din sağlamlığa zərər verməyi qəbul etmir. Quranda açıq buyurulur ki, Allah sizin üçün çətinlik istəmir”. İlahiyyatçı psixoloji tərəfin də əhəmiyyətini vurğulayıb. O bildirib ki, uşaq dini təcrübəni travma kimi yox, mənəvi sevinc kimi yaşamalıdır: “Əgər uşaq iftarda ailə ilə birlikdə olmaqdan zövq alırsa, bir neçə saatlıq oruca cəhd edirsə, bu təşviq oluna bilər. Amma susuzluqdan əsəbiləşir, halsızlaşır, qorxu yaşayırsa, bu artıq ibadət yox, yükə çevrilir. Bir sözlə, oruc həddi-büluğa çatmış, sağlam insana fərzdir. Uşaqlar üçün isə bu mərhələ tərbiyə və alışma mərhələsidir. Valideynlər üç əsas məsələyə diqqət etməlidirlər. Birincisi sağlamlıq, ikincisi psixoloji hazırlıq, üçüncüsü isə dini ibadəti sevgi üzərində qurmaq. Din məcburiyyət dini deyil, şüurlu seçim dinidir. Uşağa ibadəti sevdirən valideyn, əslində, onun gələcək iman təməllərini möhkəmləndirir. Qorxu ilə böyüyən dindarlıq zəif olur, anlayışla qurulan iman isə davamlı olur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
124
metbuat.az

1Mənbələr