AZ

Raritet avtomobillərə maraq artacaq?

Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun dəyişiklikləri nadir və tarixi dəyərə malik avtomobillərin ölkəyə gətirilməsinə dair mühüm güzəştlər nəzərdə tutur. 

Təklif edilən dəyişikliklərə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksiz vergisindən və gömrük rüsumundan azad ediləcək. Bu addım, klassik avtomobil kolleksiyası və avtomobil mədəniyyətinin inkişafını təşviq etməklə yanaşı, ölkəyə tarixi və texniki dəyəri olan nəqliyyat vasitələrinin gətirilməsini asanlaşdırmağı hədəfləyir. Qanun layihəsində qeyd olunur ki, bu güzəştlər yalnız müəyyən edilmiş şərtlər çərçivəsində tətbiq olunacaq və nadir avtomobillərin idxalı xüsusi qaydalarla tənzimlənəcək.

Bu ölkəmizə belə avtomobillərin daha çox gəlməsinə səbəb ola bilər? Ümumiyyətlə, hazırda ölkəmizdə elə avtomobillərlə maraq nə qədərdir?

Hüquqşunas, nəqliyyat eksperti Ərşad Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, söhbət konkret kvota əsasında nəqliyyat vasitələrinin güzəştli şərtlərlə ölkəyə gətirilməsindən gedir: 

391940

"Qaydaya əsasən, bir şəxs il ərzində cəmi bir ədəd raritet (klassik) avtomobil idxal edə bilər. Ölkə üzrə ümumi 10 avtomobilin gətirilməsinə icazə verilə bilər. Burada əsas məqsəd ondan ibarətdir ki, dünyada ratitet avtomobillərə maraq kifayət qədər yüksəkdir. Qanunvericiliyimizə görə, raritet avtomobil dedikdə yaşı 40-dan yuxarı olan nəqliyyat vasitələri nəzərdə tutulur. Belə avtomobillərə ölkəmizdə də maraq böyükdür".

Ekspert qeyd edib ki, avtomobillərlə bağlı müxtəlif sərgilər, təqdimatlar və tədbirlər keçirilir:

"Həmin avtomobil həvəskarlarına şərait yaratmaq məqsədilə belə kvotanın tətbiqi müsbət addım hesab oluna bilər. Nəzərə almaq lazımdır ki, klassik və retro avtomobillər kifayət qədər bahalı olur. Onlar əsasən gündəlik nəqliyyat vasitəsi kimi deyil, daha çox mühəndislik nümunəsi və mədəni irs elementi kimi istifadə edilir. Xaricdən belə avtomobil alan şəxs onu şəhərdə gündəlik sürmək üçün deyil, xüsusi tədbirlər və sərgilər üçün istifadə edəcək".

Həmsöhbətimizin sözlərinə görə, qeyd edilən avtomobillər xarici bazarda da baha qiymətə satılır və onların üzərinə ƏDV əlavə olunduqda yekun qiymət daha da artır:

"Belə avtomobillərin ölkəyə gətirilməsinə şərait yaradılması turizmin inkişafına da müsbət təsir göstərə bilər. Eyni zamanda, texniki mədəniyyət mərkəzlərinin və avtomobil muzeylərinin inkişafına təkan verə bilər. Belə avtomobillər sərgilərdə müxtəlif sərgilərdə nümayiş olunur. Bu da turizmin inkişafına təsir edə bilər".

Günel

Seçilən
22
hit.az

1Mənbələr