AZ

İmtahanlarda tanış biliş faktoru Nəzarətçilər göz yumur

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət İmtahan Mərkəzində (DİM) imtahan rəhbərləri və zal nəzarətçiləri ilə keçirilən görüşdə imtahan prosesinin təşkili və mövcud problemlər müzakirə olunub. Görüşdə çıxış edən DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov diqqətçəkən statistik məlumatlar açıqlayıb. Onun sözlərinə görə, regionlarda keçirilən imtahanlarda qeydə alınan qayda pozuntularının sayı paytaxtla müqayisədə təxminən iki dəfə çoxdur. Adıgözəl Həbibov bildirib ki, bu hallar əsasən imtahan qaydalarına düzgün əməl edilməməsi, nəzarət mexanizmlərinə laqeyd yanaşma və bəzi hallarda iştirakçıların məsuliyyətsiz davranışı ilə bağlıdır.Bu barədə elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi məsələ ilə bağlı Demokrat.az-a açıqlama verib. O deyib ki, regionlarda imtahanlara nəzarət səviyyəsi nisbətən zəifdir:“Bunun əsas səbəblərindən biri əhalinin bir-birini yaxından tanıması, müəllimlərin və nəzarətçilərin yerli sakinlərlə, o cümlədən bir-birlərinin övladları ilə bağlılıqlarının olmasıdır. Söhbət bütün müəllim və nəzarətçilərdən deyil, onların müəyyən bir hissəsindən gedir. Həmin şəxslər imtahan zamanı qayda pozuntularına göz yumur, bəzi hallarda isə imtahan verənlərə kömək edirlər. Bu cür hallar xüsusilə regionlarda daha çox müşahidə olunur. Əhalisi az olan bölgələrdə imtahanlar regional mərkəzlərdə təşkil olunsa da, yenə də tanışlıq və şəxsi münasibətlər vasitəsilə təsir göstərmək cəhdləri qalmaqdadır. Bəzi şəxslər imtahan nəzarətçilərinə təsir etməyə çalışır, onların imtahan prosesində köçürmələrə və qayda pozuntularına göz yummasına nail olmağa cəhd edirlər. Bu isə qətiyyən doğru yanaşma deyil. Belə hallar digər imtahan verən namizədlərin hüquqlarının pozulması deməkdir”.O bildirib ki, savadlı və savadsız namizədlərin obyektiv şəkildə müəyyənləşdirilməsinə maneə yaradır:“Halbuki əsas məqsəd ondan ibarətdir ki, imtahan verən namizədlərin bilik və bacarıqları real şəkildə üzə çıxarılsın, onların fənləri və proqramları hansı səviyyədə mənimsədiyi düzgün qiymətləndirilsin. Yalnız bu halda onların gələcək istiqamətlər üzrə yerləşdirilməsi obyektiv şəkildə həyata keçirilə bilər.Təəssüf ki, bəzi hallarda imtahan nəzarətçiləri tərəfindən qayda pozuntularına yol verilir və müəyyən hallara göz yumulur. Dövlət İmtahan Mərkəzi tərəfindən belə hallar aşkarlandıqda, həmin şəxslərlə bağlı dərhal tədbirlər görülür və onlar prosesdən kənarlaşdırılır. Araşdırmalar nəticəsində bu şəxslərin gələcəkdə imtahan proseslərində iştirakının mümkünsüz olması üçün müvafiq qərarlar qəbul edilir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr