AZ

"Həmin yeniliklər İranın mümkün müharibəyə hazırlıq elementi kimi qiymətləndirilə bilər" - Deputat

"İranın Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə birbaşa toqquşmadan yayınma cəhdlərini son dövrlərdə sərt ritorika ilə əvəz etməsi təsadüfi deyil. Tehranı bu istiqamətdə daha cəsarətli davranmağa sövq edən bir sıra ciddi, hərbi-siyasi xarakterli amillər mövcuddur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi.

Onun sözlərinə görə, son həftələr ərzində İranın hava hücumundan müdafiə sahəsində yeni texnologiyalar əldə etməsi diqqət çəkir:

"Bu texnologiyaların bir hissəsi şimal istiqamətindən, digər hissəsi isə qlobal cənub ölkələrindən təmin edilib. Həmin yeniliklər təkcə İranın mövqeyini gücləndirən arqument kimi deyil, həm də mümkün müharibəyə hazırlıq elementi kimi qiymətləndirilə bilər. Digər mühüm məqam İranın siyasi-diplomatik müstəvidə müəyyən dəstək qazanmasıdır. Şimaldan və qlobal cənubdan əldə edilən açıq və biznes xarakterli dəstək Tehranın özünü daha arxayın hiss etməsinə səbəb olur və mövqeyini sərtləşdirməsinə zəmin yaradır. Bununla paralel olaraq, İran uzaqmənzilli raketlərin hədəfə çatdırılması və daha yüksək dəqiqliklə vurulması ilə bağlı yeni texnologiyalar əldə edib. Bu prosesin 12 günlük müharibədən sonra sürətləndiyi qeyd olunur. Lakin bütün bunlar İranın bu qədər özünəinamlı davranması üçün kifayət edirmi? Görünən odur ki, təkcə hərbi-texniki amillər bunu izah etmir. Burada hərbi blyof və psixoloji müharibə elementlərinin də rol oynadığı ehtimalı böyükdür".

Millət vəkili əlavə etdi ki, İranın Amerika ilə mümkün müharibədə nə qədər davam gətirə biləcəyi sual altındadır:

"Belə bir qarşıdurmanın İranın gözlədiyindən daha qısa müddətdə və daha dağıdıcı şəkildə nəticələnməsi ehtimalı az deyil. Asimmetrik xarakter daşıyan bu müharibədə İranın qalib gəlmə şansının son dərəcə məhdud olduğu görünür. Bu baxımdan, məsələnin diplomatik yollarla həlli daha rasional seçim olardı. ABŞ-nin hələlik son addımı atmamasına gəldikdə isə, ehtimal etmək olar ki, Vaşinqton mövcud arqumentlər və məlumatlar barədə hərbi kəşfiyyat vasitəsilə kifayət qədər informasiyaya malikdir. Bu səbəbdən, riskləri minimuma endirmək və üstünlüyü qorumaq üçün bütün nüanslar diqqətlə təhlil olunur, əlavə tədbirlər görülür. Diplomatik danışıqlar da müəyyən mənada vaxt qazanmaq məqsədi daşıya bilər. Əks halda, ikinci təyyarədaşıyan gəminin Sakit okeandan İran istiqamətinə hərəkətə başlaması kimi addımlar atılmazdı".

Xədicə BAXIŞLI

Seçilən
18
1
redaktor.az

2Mənbələr