AZ

Sülh sazişi Ermənistan seçkilərindən əvvəl texniki baxımdan mümkündür POLİTOLOQ

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Konstitusiya dəyişiklikləri seçki öncəsi tam razılaşmanı çətinləşdirir

"Azərbaycan və Ermənistan arasında sülh sazişi iyunun 7-dək imzalana bilər”.

Bunu ABŞ-nin Ukrayna və Özbəkistandakı keçmiş səfəri Con Herbst Ermənistan mediasına deyib.

Herbst otuz ildən çoxdur Cənubi Qafqazın iqtisadiyyatı və siyasəti üzərində araşdırmalar apardığını xatırladıb: “Deyə bilərəm ki, Nikol Paşinyan bu müddət ərzində Azərbaycanla sülhün təmin olunması ilə bu qədər maraqlanan Ermənistanın ikinci rəhbəridir. Düşünürəm ki, Bakı və Ankara bunu başa düşür və buna görə də onu dəstəkləyir”, 

Herbst əlavə edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də eyni səbəbdən Nikol Paşinyana İrəvanda açıq dəstək göstərib.

Amerikalı diplomatın fikrincə, sülh sazişi iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən əvvəl imzalana bilər: “Belə bir şey olsa, bu, seçkilərdə Paşinyanın mövqeləri daha da gücləndirəcək”. 

Sülh sazişinin Ermənistan seçkilərindən əvvəl imzalanması ehtimalını şərh edən politoloq Amid Əliyev “Sherg.az”a bildirib ki, bu məsələ həm regional güc balansı, həm də Ermənistanın daxili siyasi dinamikası baxımından mürəkkəb və çoxsəviyyəli bir siyasi prosesdir. O qeyd edib ki, bu ehtimalı qiymətləndirərkən bir neçə vacib faktoru nəzərə almaq lazımdır:

“İlk növbədə, Nikol Paşinyanın Baş nazir kimi Ermənistanın strateji inkişafı ilə bağlı son illərdə seçdiyi strateji xətti nəzərə almaq lazımdır. 2020-ci ildən sonra Ermənistan faktiki olaraq müharibə ritorikasından uzaqlaşıb və “regional sülh və kommunikasiyaların açılması” diskursuna keçib. Ermənistanın təhlükəsizlik arxitekturası dəyişib, Rusiya faktorunun zəifləməsi və KTMT-nin effektiv mexanizm kimi işləməməsi İrəvanı alternativ təhlükəsizlik və iqtisadi istiqamətlər axtarmağa vadar edir. Qərblə yaxınlaşma xətti və regional blokadadan çıxmaq istəyi Paşinyan üçün sülh sazişini strateji prioritetə çevirib. Bu həm də Ermənistan üçün yeni siyasi paradiqmadır. Seçki öncəsi belə bir sənədin imzalanması ona “müharibəni deyil, sabitliyi və gələcəyi təmin edən lider” imici qazandıra bilər. Bu xüsusilə Paşinyanın tərəfdarları və onun partiyası üçün yeni siyasi konfiqurasiya daxilində əlavə manevr imkanları yarada bilər. Müharibədən yorulmuş və sosial-iqtisadi çətinliklərlə üzləşən elektorat üçün bu arqument kifayət qədər təsirli ola bilər. Digər tərəfdən, Bakı və Ankara baxımından da Paşinyanın siyasi faktor kimi çəkisinin artamasının da önəmi var. Azərbaycan hərbi mərhələni arxada qoyub və əsas hədəf hüquqi-siyasi çərçivənin tamamlanmasıdır. Ermənistanın ərazi bütövlüyünü qarşılıqlı tanıması və gələcəkdə iddiaların hüquqi əsaslarının aradan qalxması Bakı üçün prioritetdir. Paşinyanın zəifləməsi və revanşist qüvvələrin hakimiyyətə qayıtması isə prosesi yenidən qeyri-müəyyənliyə sürükləyə bilər. Bu baxımdan, hazırkı hakimiyyətin sülh xəttində qalması həm Azərbaycan, həm də Türkiyə üçün daha proqnozlaşdırılandır. Eyni zamanda ABŞ və Avropa İttifaqı regionda Rusiyanın təsirinin azalmasını və Cənubi Qafqazda sabitliyin formalaşmasını dəstəkləyir. Sülh sazişi Qərb üçün də geosiyasi uğur kimi təqdim oluna bilər. Bu faktorlar seçkiyə qədər razılaşma əldə olunması ehtimalını tamamilə istisna etmir”.

Bununla belə politoloq məsələnin digər tərəfinin daha mürəkkəb olduğunu bildirib.Onun sözlərinə görə, Azərbaycan tərəfindən irəli sürülən əsas tələblərdən biri Ermənistan Konstitusiyasında dolayı ərazi iddialarının aradan qaldırılmasıdır: “ Bu isə hüquqi və institusional baxımdan uzunmüddətli prosedur tələb edə bilər. Konstitusiya dəyişiklikləri referendum və ya geniş siyasi konsensus tələb etdiyi üçün seçkiyə qədər tam və hüquqi baxımdan tamamlanmış sülh müqaviləsinin imzalanması çətin görünür. Ən real variant çərçivə sazişi və ya prinsiplər haqqında siyasi sənəd ola bilər. Daxili siyasi risklər isə daha həssasdır. Seçkiyə yaxın dövrdə sülh sənədinin imzalanması Ermənistan daxilində revanşist və Rusiya yönlü dairələr tərəfindən “kapitulyasiya” kimi təqdim oluna bilər. Kilsə, köhnə siyasi elita və Qarabağla bağlı emosional narrativ üzərindən mobilizasiya cəhdləri mümkündür. Ermənistan cəmiyyətində məğlubiyyət travması və identitet böhranı hələ də aradan qalxmayıb. Bu fonda sülh rasional siyasi qərar kimi deyil, emosional mübarizə predmetinə çevrilə bilər. Belə vəziyyətdə Paşinyan həm legitimlik qazana, həm də paralel olaraq ciddi müqavimət dalğası ilə üzləşə bilər”.

 Siyasi nəzəri baxımdan Paşinyanın iki səviyyəli oyun apardığını vurğulayan A. Əliyev deyib ki, bir tərəfdən Azərbaycan və Qərb ilə danışıqlar masasında kompromis əldə etməyə çalışır, digər tərəfdən isə daxili elektoratı və siyasi qüvvələri razı salmalıdır: “Xarici səviyyədə əldə olunan razılaşma daxili səviyyədə kifayət qədər dəstək tapmazsa, Paşinyan üçün riskli nəticələr doğura bilər. Post-münaqişə dövründə Ermənistan siyasi liderinin legitimliyi ya hərbi qələbə, ya da sabitlik və iqtisadi perspektiv vasitəsilə tam şəkildə dəstəklənə bilər. Paşinyan ikinci modeli seçib. Bu isə daha uzunmüddətli və daha həssas prosesdir. Nəticə olaraq, sülh sazişinin seçkilərdən əvvəl imzalanması texniki baxımdan mümkündür, lakin daha çox siyasi çərçivə formatında real görünür. Tam hüquqi və konstitusion məsələlərin həlli seçkidən əvvəl çətin ehtimaldır. Əgər sənəd seçkilərdən öncə imzalansa, bu qısa müddətdə Paşinyanın mövqelərini gücləndirə bilər, xüsusilə sülh iqtisadi və təhlükəsizlik dividentləri ilə birlikdə təqdim olunarsa. Lakin eyni zamanda revanşist qüvvələrin aktivləşməsi və daxili siyasi gərginliyin artması riski də yüksələcək. Bu səbəbdən məsələ yalnız diplomatik razılaşma deyil, həm də Ermənistan cəmiyyətinin psixoloji və siyasi transformasiya səviyyəsindən asılı olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
sherg.az

1Mənbələr