AZ

"Böyük Qayıdış bölgənin dayanıqlı inkişafına xidmət edir" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış proqramı Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi ən mühüm strateji layihələrdən biridir. Bu proses yalnız məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etməklə məhdudlaşmır, eyni zamanda azad olunmuş ərazilərin sosial-iqtisadi cəhətdən yenidən qurulması, regionun dayanıqlı inkişafının təmin edilməsi və uzunmüddətli sabitliyin formalaşdırılması məqsədi daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi bu siyasətin əsas istiqamətlərini təşkil edir: "Proqram çərçivəsində ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Müasir texnologiyalara əsaslanan yaşayış məntəqələrinin qurulması, enerji təminatında alternativ və bərpa olunan mənbələrdən istifadə, yol, su, rabitə və digər kommunal infrastrukturun yenidən qurulması bölgənin gələcək inkişafı üçün möhkəm əsas yaradır. Bununla yanaşı, mina təmizləmə prosesinin sürətləndirilməsi əhalinin təhlükəsiz şəkildə məskunlaşmasının əsas şərtlərindən biridir. Bununla belə, Böyük Qayıdışın uğuru təkcə fiziki infrastrukturun yaradılması ilə ölçülmür. Ən vacib məsələlərdən biri iqtisadi aktivliyin təmin olunması, yeni iş yerlərinin yaradılması və özəl sektorun bu ərazilərə cəlb edilməsidir. Sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarının inkişafı bölgədə davamlı məşğulluğun formalaşmasına və əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.

Sosial sahədə görülən işlər də xüsusi önəm daşıyır. Məktəblərin, tibb müəssisələrinin, sosial xidmət mərkəzlərinin fəaliyyətə başlaması, əhalinin dövlət xidmətlərinə çıxışının təmin edilməsi insanların həmin ərazilərdə uzunmüddətli və sabit yaşayışını təşviq edir. Eyni zamanda, icma həyatının formalaşdırılması və sosial adaptasiya tədbirləri qayıdan əhalinin yeni şəraitə uyğunlaşmasına dəstək verir. Ümumilikdə, Böyük Qayıdış yalnız humanitar və sosial layihə deyil, həm də ölkənin regional inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu proqramın uğurlu icrası Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına, regionun ölkə iqtisadiyyatına inteqrasiyasına və uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edəcək".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
17
1
sia.az

2Mənbələr