AZ

Xəyanətkar şəbəkənin çevriliş planı:YENİ DETALLAR ÜZƏ ÇIXIR

Yaxud Qənimət Zayıdovun kanallarından istifadə edərək Ramiz Mehdiyevin və Abbas Abbasovun göndərdiyi pulları Əli Kərimliyə çatdıran Fuad Qəhrəmanlının etirafları 

Deyirlər ki, zaman hər şeyi həll etməsə də çox şeyi həll edir. Sular durulduqca çox şeylər üzə çıxır, çox mətləblərin üstünə gün işığı düşür. Artıq təkzibolunmaz dəlillərlə aydın olur ki, uzun illərdən bəri siyasi səhnədə pozuculuq və inkarçılıq yolu tutan AXCP sədri Əli Kərimlinin və Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev qaragüruhunun əsas məqsədləri ölkədə iğtişaş yartamaq və necə deyərlər, bulanıq suda balıq tutmaq olub. Şübhəsiz, ölkənin ictimai-siyasi məkanında mövcud olan konsrtuktiv müxalif qüvvələrdən fərqli olaraq radikallığı, pozuculuğu ilə cəmiyyətdən ayrı düşərək marginallaşan Əli Kərimlinin və onun xəyanətkar təmsilçilərinin əsl məqsədləri xaricdən aldıqları sifarişlərə uyğun olaraq sosial şəbəkələrdəki trolları vasitəsilə, eləcə də mitinq-şoularla cəmiyyətdə gərginlik yaratmaq üçün ən çirkin vasitələrə əl atmaqdan çəkinməyiblər. Bu merkantillər antimilli fəaliyyətləri üzündən xaqlın dəstəyini itirdiklərinə görə yalnız söyüş dolu şüarlarla gündəmdə qalmaq, öz ağalarına və xarici dayılarına hələ meydanlarda olduqlarını göstərmək üçün bütün çirkin vasitələrdən istifadə ediblər.

Bütün bunları təsadüfən yazmadıq. Belə ki, ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar vermişdir.

Yeri gəlmişkən, bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti “Ramiz Mehdiyev işi” ilə bağlı geniş açıqlama və videogörüntülər yayıb və bəzi mühüm məsələlərə aydınlıq gətirib. Bu görüntülərdə etirafları ilə əks olunanlardan biri də AXCP sədrinin müavini, Ə.Kərimlinin sağ əli olan Fuad Qəhrəmanlıdır.  Fuad Qəhrəmanlı istintaqa verdiyi ifadədə etiraf edir ki, Əli Kərimli partiya üzvlərinin yürüşə qatılması, kütlənin diqqətini hakimiyyətə qarşı yönəltmək və parlamentin, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək tapşırığı verib. Prosesə Ramiz Mehdiyev xeyir-dua verib. Yaxşı xatırlayırıq ki, həmin günlərdə vətəndaşların vətənpərvərlik şüarları ilə keçirilən yürüşündə qəfil təxribat xarakterli hallar baş verdi, hətta bir qrup şəxs parlamentin binasına daxil olaraq, qanunverici orqanı ələ keçirməyə çalışdı. 

Bundan başqa, artıq təkzibolunmaz faktlarla təsdiq olunub ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Qənimət Zayidov və Fuad Qəhrəmanlı 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası” (“Milli Şura”) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmət orqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyi ilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləvi iğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə, idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyət göstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahim Məmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri yüzminlərlə manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və Abbas Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

Artıq o da məlum olub ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşmışlar. Qənimət Zayıdov da Əli Kərimlinin adından Rusiya xüsusi xidmət orqanları ilə gizli danışıqlar aparıb, hakimiyyətə gəlmək üçün veriləcək dəstək qarşılığında həmin dövlətin maraqlarını müdafiə edəcəkləri vədini verib. Bir məsələni diqqətiə çatdırmaq istərdik ki, fevralın 12-də “Azərbaycan saatı”nda Qənimət Zahid Rauf Mirqədirovla söhbətində bunu gizlətmədi və həyasızcasına etiraf etdi.

Burada bir məsələni xüsusilə vurğulamaq istərdik. Belə ki, xəyanətkar “siyasi mühacir” sürüsünün ən fəal üzvlərindən olan Qənimət Zahid “Azərbaycasn saatı”nda dəfələrlə bildirb ki, iqtidar komndasından ona mütəmadi  olaraq məlumatlar ötürülür. Son zamanlar R.Mehdiyevlə bağlı başa verənlər onu deməyə əsas verir ki, xaricdəki “söyüş müxalifəti” və zombi sürüsü də “boz kardinal” və qaragüruhu tərəfindən təlimatlandırılıb və idarə olunub.

Korparativ maraqlar, şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli qürur və heysiyyatını, Vətən təəssübünü itirən Ə.Kərimli-R.Mehdiyev şəbəkəsinin xəyanətkar əməlləri cəmiyyətimiz tərəfindən dövlətçiliyimizin əleyhinə çox ciddi təxribat kimi dəyərləndirilərək birmənalı şəkildə rədd edilir. İctimaiyyətimizin qəti fikri belədir ki, Azərbaycan əleyhdarı olan qüvvələrlə işbirliyində olan bu marginal, satqın, mənəvi-əxlaqi deqradasiyaya uğrayan, xəyanətə vərdiş edən qaragüruhçu dəstə tarix və xalq qarşısında cavab verərək öz layiqli cəzalarını almalıdırlar. 

Zahid Rza, “İki sahil”

Seçilən
8
ikisahil.az

1Mənbələr