AZ

Azərbaycanda texnoloji inkişaf və yeni imkanlar

“Dünya artıq dördüncü sənaye inqilabının tam mərkəzindədir. Bu gün ölkələrin qüdrəti təkcə ordularının sayı və ya yeraltı sərvətləri ilə deyil, həm də bulud texnologiyaları, data mərkəzləri və süni intellekt alqoritmləri ilə ölçülür”.

Bu fikirləri açıqlamasında Aztelekom MMC-nin Cənub Regional Filialının Masallı şöbəsinin müdiri Pərvin Qulamov səsləndirib.

O bildirib ki, ölkə başçısının rəqəmsal inkişaf və süni intellektin tətbiqi ilə bağlı keçirdiyi son müşavirə Azərbaycanın qlobal texnoloji yarışda sadəcə iştirakçı deyil, həm də strateji oyunçu olmaq əzmini nümayiş etdirir.

P.Qulamovun sözlərinə görə, müasir dünyada texnologiya artıq sadəcə inkişaf vasitəsi deyil, dövlətlərin iqtisadi gücünü, təhlükəsizliyini və sosial rifahını müəyyən edən əsas amillərdən birinə çevrilib:

“Süni intellektin tətbiqi, böyük həcmli məlumatların idarə olunması və data mərkəzlərinin yaradılması bu transformasiyanın əsas sütunlarıdır. Azərbaycan uzun müddət əsasən enerji sektoruna söykənən iqtisadiyyatla inkişaf edib. Lakin hazırda rəqəmsal iqtisadiyyat getdikcə daha önəmli rol oynayır”.

O qeyd edib ki, elektron hökumət xidmətlərinin genişlənməsi, onlayn ödənişlərin və rəqəmsal sənədlərin tətbiqi vətəndaşların işini xeyli asanlaşdırır:

“Artıq bir çox dövlət xidmətinə evdən çıxmadan müraciət etmək mümkündür. Bu, bürokratik əngəlləri azaldır və dövlət idarəçiliyində şəffaflığı gücləndirir. Vətəndaşlar bu dəyişiklikləri gündəlik həyatlarında açıq şəkildə hiss edirlər”.

Aztelekom rəsmisi əlavə edib ki, süni intellekt texnologiyaları Azərbaycanda təhsil, səhiyyə, kənd təsərrüfatı və biznes sahələrində ciddi potensiala malikdir:

“Ağıllı şəhər layihələri nəqliyyatın idarə olunmasını optimallaşdıra, kənd təsərrüfatında məhsuldarlığı artıran proqnozlaşdırma sistemləri tətbiq oluna bilər. Bu texnologiyalar yalnız dövlət üçün deyil, kiçik sahibkarlar və startaplar üçün də yeni imkanlar yaradır”.

P.Qulamov vurğulayıb ki, data mərkəzlərinin yaradılması artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir:

“Məlumatların ölkə daxilində saxlanılması kibertəhlükəsizliyi gücləndirir və texnoloji müstəqilliyi artırır. Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynaması regionda iri data mərkəzlərinin qurulması üçün əlverişli şərait yaradır. Bu isə yeni iş yerləri və texnoloji investisiyalar deməkdir”.

Qeyd edək ki, Aztelekom MMC-nin Cənub Regional Filialının Masallı şöbəsinin müdiri olan Pərvin Qulamov rəqəmsal transformasiyanın ölkənin uzunmüddətli inkişaf strategiyasında mühüm yer tutduğunu bildirib.

Seçilən
137
nocomment.az

1Mənbələr