AZ

Türkiyənin müdafiə etdiyi “siyasət dəyişikliyi” yanaşması İrandakı mövcud hakimiyyəti islahatlara çağırmağa yönəlib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana qarşı mümkün hərbi müdaxilənin rejim dəyişikliyi gətirməyəcəyini bildirməsi Ankaranın regional sabitliyi ön planda tutan mövqeyini əks etdirir. Bu yanaşma ABŞ-da rejim dəyişikliyini dəstəkləyən siyasi dairələrin baxışı ilə üst-üstə düşmür.

Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana qarşı mümkün hərbi müdaxilənin rejim dəyişikliyi ilə nəticələnməyəcəyi barədə açıqlaması Ankaranın Yaxın Şərq siyasətində formalaşdırdığı realist və sabitliyə əsaslanan xətti bir daha ortaya qoyur. Mərahim Nəsib hesab edir ki, bu mövqe xüsusilə Amerika Birləşmiş Ştatlarında İran məsələsinə daha sərt yanaşan siyasi dairələrin, o cümlədən senator Lindsi Qraham kimi fiqurların baxışı ilə açıq ziddiyyət təşkil edir, Qrahamın sərt reaksiyası da bunu açıq şəkildə ortaya qoyur.

Mərahim Nəsib

“ABŞ-də bəzi dairələr hələ də təzyiq, hərbi güc və nəticədə rejim dəyişikliyi formulunun işlək olduğuna inanır və bu, Türkiyənin diplomatik realizmi ilə kəskin toqquşur. Türkiyə isə hərbi müdaxiləni qəbul etmir və buna qarşı çıxır. Xüsusən də, İranda xalq mövcud rejimə etiraz etsə də, ABŞ və İsrailə qarşı münasibət məhz bu iki tərəfə meyillənərək teokratik hakimiyyəti dəyişməsi şübhə doğurur. Çünki İran cəmiyyəti Qərbin deyil, bütün etnik xalqların maraqlarına xidmət edən modern hakimiyyət istəyir. Yəni, İranda etnik xalqların öz müqəddaratını həll etməsi indiki variantda daha ehtimal olunandır, nəinki birbaşa Qərbin müdaxiləsi ilə rejim dəyişikliyi və xalqın buna dəstəyi. Üstəlik, Yaxın Şərqdə İranın proksi qüvvələri İsrail və HƏMAS arasında 2024-cü ilin 7 oktyabrında başlayan qarşıdurmadan sonra daha çox zəifləsə də (HƏMAS, Hizbullah və Husilərin rəhbərlərinin öldürülməsi buna nümunədir) təsir qüvvəsi hələ də itməyib. Üstəlik, Tehranın Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən əhəmiyyətli boğaz olan Hörmüz boğazındakı mövcudluğunu da diqqətdən qaçırmaq olmaz”-deyən siyasi şərhçi vurğulayıb ki, sözügedən boğaz dünya iqtisadiyyatının şah damarlarından biri hesab edilir və geosiyasi və maliyyə baxımından əsas dəniz yolu sayılır. Belə ki, dünya neftinin 20, mayeləşdirilmiş qazın isə 30 faizi məhz bu boğazdan keçir. Türkiyə isə həm də Suriyada Əsəd hakimiyyətindən sonra yaranan əlverişli vəziyyətdən sonra, üstəlik PKK/SDQ terrorçularının zərərsizləşdirildiyi bir vaxtda təbii ki, regional balansı dəyişmək istəmir.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan, Hakan Fidan mövcud dəyişikliyi istisna edir, bu da Lindsi Qrahamın Türkiyə və digər regional aktorlara yönəlik açıq tənqidi ilə nəticələnir.

Mərahim Nəsib bildirib ki, bu cür ritorikanı Ankara-Vaşinqton münasibətlərində tammiqyaslı yeni böhran mərhələsinin başlanğıcı kimi qiymətləndirmək hələ tezdir: “Bu ritorika daha çox tərəflər arasında, İran məsələsində koordinasiyanın zəifləməsidir. Birləşmiş Ştatlar, xüsusən də Türkiyə Prezidentinə rəğbət bəsləyən ABŞ Prezidenti Donald Tramp sırf bu məsələyə görə Yaxın Şərqdə Türkiyə kimi mühüm bir aktorla münasibətləri korlamaq istəməz. ABŞ Konqresi ilə Ağ Ev administrasiyasının mövqeyinin hər zaman üst-üstə düşmədiyini də nəzərə alsaq, bu gərginliyin uzağı siyasi təzyiq aləti xarakteri daşığını deyə bilərik. İran məsələsində “rejim dəyişikliyi” ilə “siyasət dəyişikliyi” yanaşmaları arasındakı fikir ayrılığı isə region üçün daha geniş nəticələr vəd edir. Rejim dəyişikliyini hədəfləyən strategiya hərbi eskalasiyanı qaçılmaz edir və İranın cavab imkanlarını, yəni, proksi qüvvələr, enerji təhlükəsizliyi, Hörmüz boğazı faktorunu aktivləşdirir. Bu isə Yaxın Şərqdə güc balansını daha da kövrəkləşdirir. Türkiyənin müdafiə etdiyi “siyasət dəyişikliyi” yanaşması isə Tehranın davranışlarını məhdudlaşdırmağa, mövcud hakimiyyəti islahatlara çağırmağa yönəlib, amma dövlət strukturunu dağıtmayan, daha idarəolunan bir model kimi”.

Mərahim Nəsibin fikrincə, Hakan Fidanın açıqlamaları təkcə Türkiyənin İran siyasətini yox, eyni zamanda Ankaranın regionda sabitlik və eskalasiyadan uzaq mövqedə olması rolunu ortaya qoyur.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
icma.az

1Mənbələr