AZ

Emosiya böhranı , yoxsa siyasi təzyiq... Yekaterinburq hadisələri iki ölkənin münasibətlərinə mənfi təsir edib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib. Yekaterinburq Kirovski Rayon Məhkəməsinin andlılar kollegiyası həmçinin Ayaz, Bakir, Kamal, Məzahir Səfərov və Şücayəddin Rəcəbovu eyni ittihamla təqsirli hesab edib. Qərar diaspor rəhbərliyinin fəaliyyətinə dair ciddi hüquqi mesajdır.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yekaterinburq hadisələri iki dövlət arasında münasibətlərə bu və ya digər formada öz təsirini göstərdiyi təxmin edilir: “İlkin mərhələdə hadisələrin başlanması tamamilə fərqli bir səbəblərlə əlaqəli idi. Sonrakı mərhələdə, Rusiyanın hüquq mühafizə orqanları öz hərəkətlərinə bəraət qazandırmaq üçün buna bir növ kriminal don geyindirməyə çalışdılar. İlkin mərhələdə bu daha çox siyasi bir proses kimi özünü göstərirdi. Həmin dövrdə diaspora təşkilatının rəhbəri və onun yaxınlarına qarşı bu kimi münasibətin sərgilənməsi, çox kobud şəkildə hüquqpozma halları ilə müşayiət olunurdu. Bu da istər istəməz Rusiyada, xüsusilə də həmin diaspor təşkilatına yaxın olan dairələrdə çox kəskin bir etiraza səbəb olurdu. Faktiki olaraq böyük əksəriyyətdə belə bir fikir var idi ki, sırf siyasi məqsədlərlə bu tipli hərəkətlərə yol verilir və o dönəmdə də bununla bağlı etirazlar bildirilmişdi. Sonrakı mərhələdə Rusiya tərəfi tamamilə başqa bir səbəbləri əsas gətirərək cinayət işinin başlanmasına start verdi. İstintaq tədbirləri, fərqli məsələlər, on illiklər bundan qabaq guya baş vermiş hadisələr və s. hamısı prosesə tamamilə fərqli bir don geyindirdi. Keçmişdə törədilmiş cinayətlə əlaqənin olub olmaması kimi ittihamlar üzərindən istintaq tədbirlərinə start verildi. Həmin dönəmdə təkcə Yekaterinburqda deyil, ümumiyyətlə digər şəhərlərdə Moskvada, Voronejdə diaspor təşkilatl rəhbərlərinə qarşı buna bənzər hərəkətlərin sərgiləndiyini görmüş olduq. Bu zaman proses artıq siyasi bir proses olduğunu göstərmiş oldu. Hansısa bir formada insanlara təzyiq etmək və nəticə etibarilə də sırf bunu hədəfli şəkildə ölkəni göstərməklə həyata keçirmək xoş təəssürat yaratmadı”.

Azər Allahverənov

Azər Allahverənov qeyd edib ki, bu iki ölkə arasında olan münasibətlərin bir qədər soyuqlaşmasına gətirib çıxaran bir hal oldu. Deputat qeyd edib ki, hətta buna "emosiya böhranı" adı da verildi və Rusiya prezidenti Vladimir Putin bunu sırf emosiya böhranı kimi dəyərləndirdi. Azər Allahverənovun fikrincə, istənilən halda müəyyən gərginlik var idi.

“Azərbaycanın aidiyyatı strukturları, diplomatik qurumlar və digər strukturlar bu proseslə bağlı mütəmadi olaraq təmasın saxlanılmasına çalışdı ki, proses sırf insan hüquqlarının təmin olunması şəraitində baş vermiş olsun. Baxmayaraq, həmin şəxslər Rusiya Federasiyasının vətəndaşlarıdır, amma onların etnik azərbaycanlı olması həssaslıq tələb edən bir hal kimi dəyərləndirilir.

Məhz bu səbəbdən də, məsələyə daha çox həssaslıq prizmasından və ya prinsipindən irəli gələrək münasibətin bəsləndiyini gördük. 2025-ci ilin ortalarından kütləvi şəkildə müxtəlif şəhərlərdə fəaliyyət göstərən diaspor təşkilatlarına qarşı təşkil olunan kampaniyanı görürük. Bu gün bu hiss olunur ki, əgər bu zamanında hansısa bir siyasi məqsədlər üçün edilirdisə, bu gün bu formada cərəyan etmir. Yekaterinburq diasporasının rəhbərlərinə qarşı hərəkətlər siyasi çalar və don geyindirmədən daha çox sırf hüquqi müstəvidə aparıldığını göstərir. Amma həssas mövzu olduğu üçün daim nəzarətdə saxlanılır. Azərbaycan mediası da zaman zaman bu mövzuya müraciət edir. Rusiya mediasında da buna tamamilə bir az fərqli kontekstdə don geyindirməyə çalışırlar. Xüsusilə də, etnocinayətkarlıq kimi də bunu qələmə verməyə cəhd edən media dairələri də var”-deyən deputat bildirib ki, bunlar xoşagələn hal deyil və münasibətlərdə müəyyən gərgin anların yaşanmasına gətirib çıxarır.

Deputat hesab edir ki, Azərbaycan tərəfindən bu məsələlərin hüquqi müstəvidə həllinin aparılmasının vacibliyi vurğulanır, Rusiyada da müəyyən dairələr çalışırlar ki, iki ölkə arasında münasibətlərə xələl gətirmədən bu prosesi aparsınlar: “Bir ilə yaxın davam edən proseslərdən sonra məhkəmə həmin şəxslərin təqsirli bilinməsinə dair hökm çıxarır. Prosesə hüquqi qiymət verilənə qədər münasibətlərdə bəzi nüanslar var idi ki, sırf bu zaman-zaman siyasi dairələr tərəfindən qabardılırdı. Artıq qərar verilib, məhkəmənin hökmü oxunub. Bu da bizim, yəni diaspor təşkilatlarının rəhbərləri qarşısında yeni bir məsuliyyət spektrini formalaşdırır. Onlar öz fəaliyyətində bir məsələni yaddan çıxarmasınlar ki, atdıqları bütün addımlar həm də diaspor təmsilçilərinin, yəni bir ölkəyə bağlı olan diaspor təşkilatının atdığı addım kimi də dəyərləndirilir. Onlar öz fəaliyyətində bu məsuliyyət prizmasından və hüquq təməl prinsiplərinə söykənən yanaşmadan irəli gələrək addım atmalıdırlar”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
icma.az

1Mənbələr