"Ezh-2025" təlimləri Alyansın yeni müharibə reallığına hazır olmadığını göstərdi..."
Estoniyada keçirilən genişmiqyaslı "Ezh-2025" təlimləri NATO-nun dron müharibəsinə qarşı ciddi zəifliklərini üzə çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
Nəşrin müxbiri Cillian Key Melxior yazır ki, 12 ölkədən 16 mindən çox hərbçinin qatıldığı manevrlərə Ukraynadan pilotsuz sistemlər üzrə mütəxəssislər də cəlb olunub. Ssenarilər yüksək intensivlikli döyüşü və pilotsuz aparatların kütləvi istifadəsini imitasiya edib.
Lakin təlimlər zamanı minlərlə hərbçidən ibarət NATO döyüş qrupu, o cümlədən Britaniya briqadası və Estoniya diviziyası faktiki olaraq "tam şəffaf döyüş meydanı" reallığını nəzərə almayıb. Maskalanmadan yerləşdirilən çadırlar və zirehli texnika şərti düşmən tərəfindən qısa müddətdə "məhv edilib".
Ukraynanın "Delta" sistemi və sürətli zərbə zənciri
Ukraynalı mütəxəssislər təlimdə real vaxt rejimində kəşfiyyat məlumatlarını toplayan və süni intellektlə emal edən "Delta" idarəetmə platformasından istifadə edib. Sistem hədəfi aşkar etmək, məlumatı ötürmək və zərbə endirmək prosesini dəqiqələrə endirir.
Cəmi 10 nəfərlik ukraynalı qrup yarım gün ərzində 17 zirehli texnikanın şərti məhvini imitasiya edib və daha 30 hədəfə zərbə endirib. Təlim iştirakçılarının qiymətləndirməsinə görə, "düşmən" bir gün ərzində iki taboru sıradan çıxara bilib. Döyüş meydanında gizlənmək faktiki olaraq mümkünsüz olub - 10 kvadrat kilometrdən az ərazidə 30-dan çox dron fəaliyyət göstərib.
Estoniya Müdafiə Qüvvələrinin nümayəndələri nəticələri "şok effekti" kimi qiymətləndirib. Təlimlər göstərib ki, məlumat mübadiləsinin ləngliyi və köhnə taktiki yanaşmalar NATO üçün ciddi risk yaradır. Bir çox alyans ölkəsində həssas məlumatların paylaşılmasına məhdudiyyətlər "zərbə zəncirini" yavaşıdır.
"Dərslər avtomatik mənimsənilmir"
ABŞ-ın istefada olan generalı David Petreus bildirib ki, problemləri aşkarlamaq onların həlli demək deyil. Onun sözlərinə görə, yeni konsepsiyalar hazırlanmalı, doktrina və hazırlıq sistemi yenilənməlidir.
Estoniya artıq dron müharibəsinin təcrübəsini nəzərə alaraq müdafiə doktrinasını dəyişməyə başlayıb. Lakin ukraynalı ekspertlərin fikrincə, Alyansın bir çox üzvü hələ də müasir döyüş meydanının mahiyyətini tam anlamır və köhnəlmiş təlim metodlarından istifadə edir.
Təlimləri izləyən komandirlərdən biri vəziyyəti qısa ifadə edib: "Biz məhvə məhkumuq". Rəsmi şəxslər isə bildirir ki, əsas məqsəd hərbçiləri özünə arxayınlıqdan uzaqlaşdırmaq və onları yeni reallığa uyğun düşünməyə məcbur etmək olub.