AZ

Nazirlik geri çəkildi: 100 məktəbdəki sistem niyə özünü doğrultmadı?

Son vaxtlar məktəblərdə şagird davranışı və nizam-intizam məsələsi daha çox diqqət çəkir. 

Müxtəlif hadisələr və valideynlərin narahatlığı bu mövzunu yenidən gündəmə gətirib. Bir müddət əvvəl Elm və Təhsil Nazirliyi şagirdlərin davranışlarını tənzimləmək və məktəb mühitində intizamı gücləndirmək məqsədilə yeni inzibati tədbirləri müəyyənləşdirmişdi. 

Şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək inzibati tədbirlərə müəllim baxışı, qeyri-vebal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanılması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq məktubu, narıncı xəbərdarlıq və qırmızı xəbərdarlıq kimi qaydalar daxil edilmişdi. 

Təxminən 100 məktəbdə pilot olaraq bu qaydalar tətbiq olunub. Lakin qaydaların tətbiqi zamanı bəzi məktəblərdə valideynlər arasında fikir ayrılıqları yaranmış, sonrakı dövrdə xəbərdarlıq kartlarının paylanması dayandırılıb. Kart sisteminin dayandırılması şagirdlərin nizam-intizamına necə təsir göstərdi? 

Şagirdlərə verilən kartlar gözlənilən effekti vermədimi? 

Mövzu ilə baglı “Cebheinfo.az” –a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, kartların tətbiqində məqsəd şagirdi cəzalandırmaq yox, davranışı mərhələli şəkildə tənzimləmək, məktəbdə müəllim-şagird münasibətlərini daha sistemli idarə etmək idi: 

“Son illər məktəblərdə nizam-intizam məsələsinin bu qədər gündəmdə olmasının əsas səbəbi odur ki, məktəb artıq təkcə bilik verilən yer deyil, həm də uşağın sosial davranışının formalaşdığı əsas mühitdir. 

Elm və Təhsil Nazirliyinin pilot olaraq tətbiq etdiyi inzibati tədbirlər və xəbərdarlıq kartları da məhz bu ehtiyacdan doğurdu. Məqsəd şagirdi cəzalandırmaq yox, davranışı mərhələli şəkildə tənzimləmək, məktəbdə müəllim-şagird münasibətlərini daha sistemli idarə etmək idi. 

Amma kart sisteminin dayandırılmasını yalnız valideyn narazılığı ilə izah etmək düzgün olmaz. Bəli, valideynlərin reaksiyası əsas amillərdən biri oldu. Çünki bir çox valideyn bu kartları “uşağın damğalanması”, “etiketlənməsi” kimi qəbul etdi. 

Xüsusilə “sarı, narıncı, qırmızı” kimi rənglər psixoloji olaraq cəmiyyətimizdə birbaşa cəza, qınaq və hətta utandırma mexanizmi kimi başa düşüldü. Valideynlər narahat oldular ki, bu kartlar uşağın məktəbdəki statusuna təsir edəcək, onun özünəinamını zədələyəcək, müəllimlə münasibətini daha da gərginləşdirəcək”. 

Onun sözlərinə görə, digər tərəfdən isə sistemin tətbiqində məktəblər arasında eyni yanaşma formalaşmadı: 

“Bəzi məktəblərdə kartlar həqiqətən tərbiyəvi və mərhələli ünsiyyət vasitəsi kimi istifadə olunurdu, amma bəzi hallarda formal, mexaniki, hətta “cəza aləti” kimi tətbiq edilirdi. Yəni davranışın səbəbi araşdırılmadan, psixoloji yanaşma olmadan kart verilməsi halları müşahidə olunurdu. 

Bu da təbii olaraq həm şagirdlərdə aqressiyanı artırırdı, həm də valideynlərin məktəbə olan etimadını zəiflədirdi. Məncə, kart sisteminin dayandırılmasında əsas səbəblərdən biri də məktəblərdə psixoloq xidmətinin və sosial-pedaqoji mexanizmlərin tam gücü ilə işləməməsi oldu. 

Çünki intizam problemi olan şagirdlərin böyük hissəsində məsələ sadəcə “itaətsizlik” deyil, ailə mühiti, psixoloji gərginlik, yeniyetməlik dövrü, emosional problemlər və diqqət ehtiyacı ilə bağlı olur. Kart sistemi isə bu problemləri həll edən yox, sadəcə qeydiyyata alan mexanizm təsiri bağışladı. 

Kartların dayandırılması şagirdlərin nizam-intizamına necə təsir göstərdi sualına gəldikdə isə, burada iki fərqli nəticə oldu. Bəzi məktəblərdə kartlar dayandırıldıqdan sonra intizam daha da zəiflədi, çünki artıq konkret xəbərdarlıq mərhələsi görünmürdü və bəzi şagirdlər bunu “məktəb geri çəkildi” kimi qəbul etdilər. 

Digər məktəblərdə isə əksinə, vəziyyət daha da yaxşılaşdı, çünki müəllimlər kart sisteminə yox, canlı ünsiyyətə, psixoloqla əməkdaşlığa və valideynlə birgə yanaşmaya üstünlük verməyə başladılar”. 

Ekspert qeyd edib ki, bu problemin kartın özündə yox, məktəbin onu necə tətbiq etməsində olduğunu göstərib: 

“Əgər məktəb kartı tərbiyəvi mexanizm kimi yox, cəza kimi təqdim edirsə, bu sistem effekt verməyəcək. Uşaq qorxacaq, gizlədəcək, etiraz edəcək və ya daha aqressiv olacaq. Amma kart müəllim-valideyn-psixoloq üçlüyü ilə birlikdə işləsəydi, yəni paralel şəkildə davranışın səbəbi araşdırılsaydı, daha faydalı ola bilərdi. 

Mən düşünürəm ki, bu kartlar gözlənilən effekti tam vermədi demək olar, amma bu, ideyanın yanlış olması anlamına gəlmir. Sadəcə cəmiyyətin psixoloji hazırlığı, məktəblərin tətbiq mexanizmi və valideynlərlə düzgün kommunikasiya qurulmadan sistemin davam etməsi mümkün olmadı. 

Əgər valideynə əvvəlcədən izah edilmirsə ki, bu kart uşağı cəzalandırmaq üçün deyil, məktəb-valideyn əməkdaşlığını gücləndirmək üçün tətbiq olunur, onda təbii ki, narazılıq yaranacaq. Ümumilikdə isə məktəblərdə intizamı yalnız xəbərdarlıq kartları ilə həll etmək mümkün deyil. 

Nizam-intizam müəllimin nüfuzu, məktəbin daxili qaydalarının ardıcıllığı, valideynin evdəki mövqeyi və psixoloji dəstək sisteminin gücü ilə formalaşır. Kartlar sadəcə köməkçi vasitə ola bilərdi, amma əsas mexanizm heç vaxt olmamalıdır. 

Bu məsələdə ən düzgün yol, məktəblərdə davranış mədəniyyətinin “cəza yox, dəyər və məsuliyyət” prinsipi ilə qurulmasıdır”. 

Seçilən
14
2
cebheinfo.az

3Mənbələr