AZ

İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası təsis edilib

BAKI, 13 fevral. TELEQRAF

İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası təsis edilib.

Teleqraf xəbər verir ki, bunu fevralın 12-də Bağdadın Əl-Müstənsəriyyə Universitetində keçirilən təsis tədbirində universitetinin professoru, səfir Mahmud Çayırlı açıqlayıb.

O bildirib ki, şura tarixi köklərlə Azərbaycana çoxsaylı bağları olan İraq türkmanları və Azərbaycan arasında ictimai, mədəni və mənəvi əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Tədbirdə çıxış edən natiqlər azərbaycanlı qardaş və bacılarının son illərdə qardaş toplumun tarixi irsinin araşdırılması, türkman kimliyi və dilinin qorunması və inkişafı istiqamətində İraq türkmanlarına çoxsaylı dəstək göstərdiklərini vurğulayıblar. Onlar iraqlı tələbələr, o cümlədən İraqın türkman gənclərinə Azərbaycanın ali təhsil müəssisələrində “Heydər Əliyev adına beynəlxalq təhsil qrantı” əsasında yüksək səviyyəli təhsil almaq imkanına görə, Azərbaycan dövlətinə öz təşəkkürlərini bildiriblər.

Eyni zamanda Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə aparılmış uzunmüddətli araşdırma nəticəsində 2 kitabın nəşri, onlarla ictimai, mədəni və akademik tədbirlərin təşkili, həmçinin idman, mədəniyyət, tarix və müxtəlif yönlü elmi tədqiqatlar sahəsində keçirilmiş proqramların İraq türkmanları ilə Azərbaycan arasında tarixi bağların bərpasında oynadığı rol yüksək qiymətləndirilib.

Qeyd edək ki, İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası qeyri-hökumət və qeyri-siyasi platforma olaraq İraqın aparıcı elmi-ictimai dairələrini təmsil edən türkman ziyalılarını bir araya gətirir. Yaxın gələcəkdə şuranın fəaliyyət planının təsdiq ediləcəyi, həmçinin üzvlərinin Azərbaycana səfərinin həyata keçirilməsi gözlənilir.

Seçilən
15
3
teleqraf.com

4Mənbələr