AZ

Deputat: Azərbaycanda bələdiyyələrin sayı hələ də çoxdur

Yazını böyüt
Yazını kiçilt

“Bələdiyyələrin səlahiyyətləri və maliyyə imkanlarının genişləndirilməsi üçün onların təmərküzləşdirilməsi və birləşdirilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm”.

Hafta.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasındakı çıxışında deputat Vüqar Bayramov bildirib.

Son birləşmələrdən sonra ölkədə bələdiyyələrin struktur vəziyyətini şərh edən deputat qeyd edib ki, Azərbaycanda bələdiyyələrin sayı hələ də bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə çoxdur. Məsələn:

Bolqarıstanda – 265

Belarusda – 200

Rumıniyada – 103

Gürcüstanda – 69

Türkiyədə – 1 394

“Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı bu ölkələrlə müqayisədə hələ çoxdur və bu, onların fəaliyyətinin səmərəliliyinə və şəffaflığına təsir göstərir”, - V. Bayramov vurğulayıb.

Deputat əlavə edib ki, bələdiyyələr fiziki şəxslərdən torpaq və əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisələrindən alınan mənfəət vergisinin yığılmasına cavabdehdir. Lakin əksər bələdiyyələrin ərazisində yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, fəaliyyət göstərmir. Bu baxımdan dayanıqlı maliyyə mənbələrinin formalaşdırılması zəruridir.

O, həmçinin hesabatdan çıxış edərək bildirib ki, 2025-ci ildə bələdiyyələrin fəaliyyəti ilə bağlı 4 132 müraciət daxil olub. Bu, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac olduğunu göstərir. Deputat qeyd edib ki, İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına uyğun olaraq, bələdiyyələrdə rəqəmsal mexanizmlərin və mərhələli şəkildə süni intellektin tətbiqinin genişləndirilməsi vacibdir.

V. Bayramov bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün tövsiyələrini də açıqlayıb:

Dövlət büdcəsindən dotasiyaların verilməsində keyfiyyət meyarlarından istifadə edilsin; daha yaxşı performans göstərən bələdiyyələr daha çox dotasiya alsın;

Dotasiya məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəbə, kənd) nəzərə alınaraq xüsusi əmsallar tətbiq edilsin;

Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması prosesi sürətləndirilsin; bu, saxta sənədlərin qarşısını almaqla şəffaflığı artırar;

Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi üçün fiskal mənbələrin sayı artırılsın.

Tahirə Qafarlı

Seçilən
68
hafta.az

1Mənbələr