AZ

Tərəfdaşlığın keyfiyyətcə yeni mərhələsi

Azərbaycan-ABŞ münasibətləri yeni mərhələ qədəm qoyub. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri mühüm məqamlarla diqqətdə oldu. İki ölkə arasında müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi, təmasların qurulması, sənədlərin imzalanması, əməkdaşlığın yeni prioritetlər üzrə inkişaf etdirilməsinin zəruriliyinin vurğulanması tərəflərin bütün sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. Səfər zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya bunun göstəricisidir. Həmin sənəddə qeyd edilir ki, tərəflər ikitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini, regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər. Həmçinin 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər. Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsi yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini açıqlayır.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. İkitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens isə   Prezident İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzuna xüsusi diqqət çəkdi. Onu da qeyd etdi ki, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq.

Qeyd olunan fikirlər Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət kursunun beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan qlobal və regional proseslərdə etibarlı tərəfdaş, dialoqa açıq və sabitləşdirici aktor kimi qəbul olunur. Bu amil isə ABŞ-Azərbaycan münasibətlərinin gələcəkdə daha da möhkəmlənməsi üçün zəmin yaradır. Beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad ən mühüm amillərdən biri hesab olunur. Azərbaycan bu etimadı illər ərzində formalaşdırıb. ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də məhz bu etimadın  nəticəsidir.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri

Seçilən
29
ikisahil.az

1Mənbələr