AZ

Siyəzəndə NARAZILIQ: Bələdiyyə üçün ayrılan pullar hara xərclənib?

Ajans.az-ın qaynar xəttinə daxil olan məlumata görə, Siyəzən rayonunun Balaca Həmyə kəndinin küçələri uzun müddətdir ki, yararsız vəziyyətdədir. Bildirilib ki, kəndin ərazisindən Bakı–Quba yolu keçdiyinə görə təxminən 2–3 il əvvəl rayon bələdiyyəsinin fonduna müəyyən məbləğdə vəsait köçürülüb. Kənd sakinləri həmin vəsait hesabına kənd qəbiristanlığının hasara alınmasını, qalan məbləğlə isə kənddaxili yolların asfaltlanmasını xahiş ediblər. Lakin müraciətə yalnız “narahat olmayın, həll olunacaq” məzmunlu cavab verilib.
Sakinlərin sözlərinə görə, sonradan qəbiristanlıq ərazisində cəmi 2–3 quyu qazılıb, lakin işlər yarımçıq saxlanılıb. Kənddaxili yolların təmirinə başlanılsa da, yarımçıq qalıb. Yarımçıq yol işlərindən qalan çınqılı isə kommunal xidmət maşınları vasitəsilə kənd yollarına səpilib. İddialara əsasən, ayrılmış vəsait kənd sakinlərinin problemlərinin həllinə sərf olunmayıb. Bələdiyyə sədri hazırda büdcədə vəsait olmadığını bildirir. Sakinlər isə qeyd edirlər ki, əvvəlki dövrlərdə də mövcud vəsait kəndin ehtiyaclarına yönəldilməyib.

Məlumata görə, rayon bələdiyyəsi bir neçə kəndə nəzarət edir. Qonşu kəndlərdə yolların təmir olunduğu bildirilir. Balaca Həmyə kəndinin sakinləri isə hər gün çətinliklərlə üzləşdiklərini, nəqliyyat vasitələrinin tez-tez sıradan çıxdığını, məktəblilərin isə dərsə gedib-gəlməkdə əziyyət çəkdiklərini deyirlər.

Seçilən
116
Ajans.az

1Mənbələr