Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2025-ci il Ukraynada müharibə fonunda mülki əhali üçün 2022-ci ildən sonra ən ölümcül il kimi qeydə alınıb.
“AzPolitika” bildirir ki, bu barədə müstəqil araşdırma qrupu Conflict Intelligence Team (CIT) hesabat yayıb. CIT-in könüllülərdən ibarət komandasının məlumatına görə, 2025-ci ildə cəbhə xəttinin hər iki tərəfində azı 2919 mülki şəxs (onlardan 96-sı uşaq) həlak olub, 17 775 nəfər (1000-i uşaq) yaralanıb. Beləliklə, ümumi qurban sayı 20 694 nəfərə çatıb.
2024-cü illə müqayisədə ölənlərin sayı 12%, yaralananların sayı isə 25%-dən çox artıb.Hesabatda bildirilir ki, bütün ölən və yaralananların 79%-i Kiyevin nəzarətində olan ərazilərin payına düşür. Bu bölgələrdə 2025-ci ildə 16 300 mülki qurban qeydə alınıb – 2348 nəfər ölüb, 13 952 nəfər yaralanıb.
Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində 2049 nəfər (298 ölü, 1751 yaralı), Rusiyanın özündə isə 2345 nəfər (273 ölü, 2072 yaralı) mülki şəxs zərər görüb. Diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiya nəzarətində olan ərazilərdə və Rusiyanın özündə ümumi qurban sayı 2024-cü illə müqayisədə 6% azalıb. Əksinə, Ukraynanın nəzarətində olan ərazilərdə bu göstərici 35% artıb.
CIT 2025-ci ildə ən ağır nəticələrə səbəb olan hücumlar sırasında Rusiya ordusunun Ukrayna şəhərlərinə – Ternopol, Sumı, Krivoy Roq, Kiyev və Dneprə raket zərbələrini xüsusi qeyd edir.
Krivoy Roq – uşaq meydançasına zərbə
4 aprel tarixində Krivoy Roqda uşaq meydançasına zərbə endirilib. Nəticədə 20 nəfər, o cümlədən 9 uşaq həlak olub, 74 mülki şəxs (11-i uşaq) yaralanıb.
Rusiya Müdafiə Nazirliyi zərbənin “Qərb təlimatçıları və birləşmə komandirləri ilə müşavirə keçirilən restorana” endirildiyini iddia edib. Lakin CIT-in istinad etdiyi müşahidə kameraları görüntülərində həmin vaxt restoranda belə bir toplantının keçirilmədiyi göstərilir.
Sumı – ballistik raket hücumu
13 aprel tarixində Sumı şəhərinə ballistik raketlərlə zərbə endirilib. 35 nəfər, o cümlədən iki azyaşlı həlak olub, 129 nəfər (17-si uşaq) yaralanıb.
Rusiya tərəfi hücumun hərbçilərin təltif mərasiminə yönəldiyini açıqlasa da, CIT bildirir ki, mərasim həqiqətən keçirilib, lakin hərbçilər sığınacaqda olduqları üçün zərər görməyiblər. Hesabatda hər iki halda hazır zərbə elementləri ilə təchiz olunmuş döyüş başlıqlarından istifadə edildiyi vurğulanır.
Ternopol – ən ağır hava hücumu
CIT 19 noyabr səhəri Ternopola edilən kütləvi hava hücumunu 2025-ci ilin ən ölümcül hadisəsi adlandırır. İki X-101 qanadlı raketinin yaşayış binalarına düşməsi nəticəsində bir binada genişmiqyaslı yanğın başlayıb, digərində isə çökmə baş verib. Hadisə nəticəsində 38 nəfər (8-i uşaq) həlak olub. Üç nəfər itkin düşmüş sayılır, 92 nəfər (18-i uşaq) yaralanıb.
Dnepr – sərnişin qatarının yaxınlığına zərbə
24 iyun tarixində Dneprə qanadlı raket hücumu zamanı 21 nəfər ölüb, 319 nəfər yaralanıb. Raketlərdən biri sərnişin qatarının yaxınlığına düşüb.
Ukraynanın nəzarətində olan ərazilər arasında ən çox ölüm faktı Donetsk vilayətində (756 nəfər) qeydə alınıb. Ən çox yaralı isə Xerson vilayətindədir (2903 nəfər).
CIT bildirir ki, Xerson vilayətində cəbhə xəttində ciddi dəyişiklik olmasa da, mülki qurbanların sayı artmaqda davam edir. Hesabatda bu vəziyyət “kampaniya xarakterli terror” kimi qiymətləndirilir.
Rusiyanın özündə isə ən ağır vəziyyət Belqorod vilayətində qeydə alınıb – 134 nəfər ölüb, 1202 nəfər yaralanıb. Ardınca Kursk (61 ölü, 327 yaralı) və Bryansk (24 ölü, 181 yaralı) vilayətləri gəlir.
Hesabatın əsas nəticələrindən biri pilotsuz uçuş aparatlarının (PUA) rolunun kəskin artmasıdır. 2025-ci ildə dron hücumları nəticəsində 1376 nəfər həlak olub, 10 089 nəfər yaralanıb. Bu, digər bütün silah növlərinin birlikdə törətdiyi itkilərdən daha çoxdur.
2024-cü illə müqayisədə dronlardan ölənlərin sayı 2,85 dəfə, yaralananların sayı isə üç dəfədən çox artıb. CIT qeyd edir ki, həm Ukrayna, həm də Rusiya 2025-ci ildə dron istehsalını artırıb. Nəticədə hücumların coğrafiyası da genişlənib – 2024-cü ildə üç cəbhəyanı vilayət və əlavə 12 regionda qurban qeydə alınmışdısa, 2025-ci ildə bu rəqəm 24 regiona yüksəlib.
BMT-nin məlumatına görə, 2025-ci ilin sonuna qədər Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri təxminən 15 min mülki şəxs həlak olub, 40 mindən çox insan yaralanıb.
Rusiya rəsmi mənbələrinin məlumatına əsasən isə 2022-ci ilin fevralından 2026-cı ilin əvvəlinədək Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində Rusiyada təxminən 8 min mülki şəxs həlak olub, 18 mindən çox insan yaralanıb. CIT vurğulayır ki, işğal olunmuş ərazilərə çıxışın məhdudluğu və təsdiqlənməmiş hallar səbəbindən real qurban sayı rəsmi statistikadan xeyli yüksək ola bilər.
Rasim
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.