AZ

Ariel Kohen: Vensin səfəri Tramp administrasiyasının Ağ Evdə bağlanmış tarixi sülh müqaviləsinin tam arxasında dayandığını göstərir

Vaşinqton, 13 fevral, AZƏRTAC

“Vitse-prezident Vensin Cənubi Qafqaza səfəri tarixi bir səfərdir və bu, Tramp administrasiyasının 2025-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ-ın vasitəçiliyi ilə Ağ Evdə bağlanmış tarixi sülh müqaviləsinin tam arxasında dayandığını göstərir”. Bu sözləri AZƏRTAC-a açıqlamasında amerikalı ekspert Ariel Kohen deyib. Onun sözlərinə görə, bu, həm də ABŞ-ın regionda təkcə diplomatik yolla deyil, həm də enerji, təhlükəsizlik, müdafiə, investisiya və s. baxımından mövcud olacağı deməkdir. O, Azərbaycan, Ermənistan və bəlkə də Gürcüstanın bir gün bütün istiqamətlərlə, dünyanın bütün hissələri ilə, Çin, Rusiya, eləcə də Avropa və ABŞ ilə əlaqədə olacağını bildirib.

“Bu, Mərkəzi Asiyada gördüyümüz çoxvektorlu siyasətdir və buna görə də bu, Azərbaycan üçün yaxşıdır. Bu, Prezident İlham Əliyev və onun diplomatiyasının, eyni zamanda ABŞ-ın qələbəsidir”,- deyə ekspert əlavə edib.

O, TRIPP layihəsinin strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. “TRIPP Azərbaycanı Naxçıvanla birləşdirir və sonra İrana və Ermənistan vasitəsilə Türkiyəyə qoşula bilər və bu, konteynerlərin və yüklərin Orta Dəhlizdən keçmə müddətini qısaltmağa imkan verir. Bu halda yükdaşıyanlar üçün pula qənaət etmiş olursunuz. Dəhliz təkcə nəqliyyat arteriyası deyil, həm də sənayenin inkişafıdır. Bu sülh həm Ermənistan, həm də Azərbaycan üçün divident təşkil edir”, - deyə ekspert vurğulayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
18
3
azertag.az

4Mənbələr