AZ

Moskva Vaşinqtonu ittiham etməyə başladı Putin Tramp razılaşması “dəfn edilib”...

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov son açıqlamaları ilə ötən ilin avqustunda Alyaskada əldə olunduğu iddia edilən “Ankoric razılaşmaları”nın faktiki olaraq qüvvədən düşdüyünə işarə edib. O, açıq şəkildə ABŞ-ni öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Söhbət ötən ilin avqustunda Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında əldə olunduğu deyilən anlaşmalardan gedir. Moskvanın iddiasına görə, həmin razılaşmaların əsas bəndlərindən biri Vaşinqtonun Kiyevə təzyiq göstərərək Ukrayna Silahlı Qüvvələrinin Donbasın nəzarətdə saxladığı təxminən 20 faiz ərazidən çıxmasını təmin etməsi olub.

Lavrov bildirib ki, ABŞ bu öhdəlik əvəzinə “qlobal iqtisadi dominantlıq” siyasətini seçib və anti-Rusiya xəttini davam etdirir. Bununla belə, Kreml Ankoricdə əldə olunduğu deyilən razılaşmaların detalları barədə indiyədək rəsmi məlumat açıqlamayıb.

Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva ilə Vaşinqton “tammiqyaslı, geniş və qarşılıqlı faydalı əməkdaşlığa” keçmək barədə razılığa gəliblər, lakin Amerika tərəfi əvvəlki siyasətini davam etdirir.

Lavrovun sərt bəyanatları fonunda Floridada Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə amerikalı həmkarı Stiv Uitkoff arasında keçirilən uzunmüddətli görüşlər də diqqət çəkir. Qərb mediasında yayılan məlumatlara görə, Moskva Vaşinqtona təxminən 12 trilyon dollarlıq birgə layihələr paketi təklif edib. Bu rəqəm Rusiyanın illik ÜDM-ni altı dəfə, illik ixracını isə 30 dəfə üstələyir. Müqayisə üçün qeyd olunur ki, Çinin 2013-cü ildən həyata keçirdiyi “Bir kəmər – bir yol” meqalayihəsinə indiyədək təxminən 1,4 trilyon dollar sərmayə qoyulub.

Bütün bunlar BƏƏ-də ABŞ vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilən danışıqların “konstruktiv və məhsuldar” keçdiyi barədə açıqlamalar fonunda baş verir.

Məlumata görə, tərəflər atəşkəs üçün zəruri olan hərbi-texniki detalları – qoşunların ayrılması mexanizmlərini iki raund danışıqlarda geniş müzakirə ediblər. Hətta bu sənədlərin imzalanmağa hazır olduğu bildirilir. Hərbi hissəni Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Sırski və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun imzalaya biləcəyi ehtimal edilir. Lakin əsas problem siyasi razılaşmanın olmamasıdır. Sülhün prinsipləri üzrə ortaq mövqe formalaşmadığı üçün hərbi-texniki sənədlərin özlüyündə mənası məhdud qalır.

Tərəflər Zaporojye Atom Elektrik Stansiyası üzərində də razılığa gələ bilmirlər. Kiyev stansiya üzərində tam nəzarət tələb edir. Moskva isə onun ABŞ rəhbərliyi altında beynəlxalq konsorsium tərəfindən idarə olunmasına, Ukraynanın isə istehsal olunan enerjinin yarısını almasına ilkin razılıq verə biləcəyini bildirir. Lakin ərazi nəzarətinin Rusiyada qalması şərti ilə.

Bundan başqa, Moskva dondurulmuş aktivlərinin bir hissəsinin müharibədən zərər görmüş ərazilərin – o cümlədən öz nəzarətində olan bölgələrin bərpasına yönəldilməsini müzakirə etməyə hazır olduğu siqnalını verir. Qaz tranziti tarifləri və Ukrayna ərazisindən yüklərin daşınmasına görə ödənişlər də mümkün razılaşma mövzularındandır.

Kreml Ukrayna qoşunlarının Donbasın nəzarətdə saxladığı hissəsindən çıxarılmasında israrlıdır və həmin əraziyə Rusiya ordusunun daxil edilməyəcəyini vəd edir. Moskva burada azad iqtisadi zona yaradılmasını, Rusiya administrasiyası və polisinin fəaliyyət göstərməsini, eyni zamanda Ukrayna və beynəlxalq şirkətlərin sərbəst işləməsini təklif edir. Hətta beynəlxalq müşahidəçi missiyanın mümkünlüyü istisna edilmir, lakin NATO qüvvələrinin iştirakı qəti şəkildə rədd olunur.

Moskvanın Vaşinqtona qarşı ritorikasının sərtləşməsi bir neçə amillə izah olunur. Bunlardan biri Rusiya hərbçilərinin istifadə etdiyi “Starlink” terminallarının bloklanmasıdır. Digər tərəfdən, Tramp administrasiyasının Hindistana Rusiya neftinin alışını azaltmaq üçün təzyiq göstərməsi və Avropa ölkələrinin “kölgə donanmasına” qarşı tədbirləri genişləndirməsi də Kremlin narazılığına səbəb olub.

Baltik dənizində Rusiya neft ixracına qarşı mümkün sərt addımlar Moskva–Brüssel münasibətlərini daha da gərginləşdirə, hətta hərbi qarşıdurma riskini artıra bilər.

Beləliklə, Lavrovun “Ankoric ruhu” barədə sərt çıxışı bir tərəfdən Vaşinqtona təzyiq elementi kimi qiymətləndirilir, digər tərəfdən isə danışıqların siyasi hissəsinin dalana dirəndiyini göstərir. ABŞ Prezidentinin bu mesajlara necə reaksiya verəcəyi isə hələlik açıq qalır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
azpolitika.info

1Mənbələr