AZ

Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində  

Yer kürəsi ilk baxışdan hidrogenlə zəngin görünməsə də, bu element həm suyun tərkibində, həm də planetin dərin qatlarında mövcuddur. Tədqiqatlara əsasən, Yerin nüvəsində dəmirlə bağlı böyük miqdarda hidrogen ola bilər. Bu miqdar okeanlardakı hidrogenin həcmi ilə müqayisədə 9-45 dəfə çox qiymətləndirilir.

Pekin Universitetinin geofiziki Donqyanq Huanqın rəhbərlik etdiyi tədqiqat qrupu laboratoriya şəraitində nüvə mühitini təqlid edərək hidratlı silikat şüşəsini 111 giqapaskal təzyiq və 5100 Kelvin temperaturda sınaqdan keçirib. Təcrübələr göstərib ki, yüksək temperatur şəraitində dəmir, silisium, oksigen və hidrogen bir-biri ilə qarşılıqlı təsirə girir.

Alimlərin hesablamalarına görə, Yerin nüvəsində hidrogenin payı 0,07-0,36 faiz təşkil edir. Bu kəşf Yerin formalaşması, maqnit sahəsinin yaranması və suyun mənşəyi ilə bağlı nəzəriyyələrin dəqiqləşdirilməsinə mühüm töhfə verir. Tədqiqatçılar suyun böyük hissəsinin planetin erkən formalaşma mərhələsində yarandığı qənaətindədirlər.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
36
azerbaijan-news.az

1Mənbələr