AZ

Rəqəmsallıq və süni intellekt Azərbaycana nələr qazandıracaq?

Dünya yeni sənaye inqilabı dövrünü yaşayır. Bu dəfə əsas resurs neft və qaz deyil, məlumatdır. Əsas güc isə süni intellektdir. Proqnozlara görə, 2030-cu ilə qədər süni intellekt qlobal iqtisadiyyata 16 trilyon dollar əlavə dəyər qazandıra bilər.

Rəqəmsal iqtisadiyyat artıq ənənəvi iqtisadiyyatı üstələmək üzrədir. Belə bir dövrdə "yeni rəqəmsal arxitektura" ilə Azərbaycan da inkişafın yeni mərhələsinə qədəm qoyur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə açıq mesaj verildi ki, süni intellekt dövlət idarəçiliyində geniş tətbiq olunmalıdır. Yəni bu, artıq seçim yox, zərurətdir.

Dövlət başçısı vurğulayıb ki, inkişaf etmiş ölkələrdə süni intellekt agentləri dövlət məmurlarının gündəlik fəaliyyətində qərarvermə prosesinə dəstək verir. Yəni söhbət texnologiyanın vitrin kimi nümayişindən yox, real idarəetmə alətinə çevrilməsindən gedir. Bu məqsədlə hər bir dövlət qurumunda, xüsusilə nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin ayrılması təklif olunur. Bu, sistemli və mərkəzləşdirilmiş yanaşmanın formalaşması deməkdir.

Fəaliyyət planına gəlincə, bu, dörd əsas sütun üzərində qurulub: rəqəmsallaşma, süni intellektin tətbiqi, innovasiya ekosistemi və kibertəhlükəsizlik.

Son illər ölkəmizdə infrastruktur baxımından ciddi irəliləyiş var. "Onlayn Azərbaycan" layihəsi nəticəsində internetin orta sürəti 12 meqabitdən 90 meqabitə yüksəlib. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər bu sürətin 200 meqabit/saniyəyə çatdırılması planlaşdırılır.

"Hökumət buludu" platforması artıq tam formalaşdırılıb və 270 dövlət qurumu rəqəmsal resurslarını burada yerləşdirib. "SİMA" biometrik imzasından 4 milyon istifadəçi yararlanır. "mygov" platformasının istifadəçi sayının isə ilin sonuna qədər 5 milyona çatdırılması hədəflənir.

Bu rəqəmlər göstərir ki, baza artıq formalaşıb. Lakin əsas məqsəd əlavə dəyərin yaradılmasıdır.

Hazırda Azərbaycanın İKT ixracı təxminən 100 milyon dollar səviyyəsindədir. Hədəf bu göstəricini ən azı 10 dəfə artıraraq 1 milyard dollara çatdırmaqdır. Bunun üçün innovasiya ekosisteminin gücləndirilməsi, startapların maliyyələşdirilməsi, "sandbox" mexanizmlərinin tətbiqi, vençur və kraudfandinq alətlərinin yaradılması nəzərdə tutulur.

Nəticə etibarilə, Azərbaycanın qarşısında iki seçim var: ya texnologiyanın istehlakçısı olmaq, ya da onun istehsalçısına çevrilmək. Yeni rəqəmsal arxitektura göstərir ki, Bakı ikinci yolu seçib. Süni intellekt artıq gələcəyin mövzusu deyil, bu günün idarəetmə alətidir. Azərbaycan isə bu rəqabətdə geridə qalmaq yox, aparıcı mövqelərdən birini tutmaq iddiasındadır.

Seçilən
39
far.az

1Mənbələr