AZ

Prezident Azərbaycanın yeni inkişaf istiqamətini bəyan etdi

"Rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir"

Son illər Azərbaycanda elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal infrastrukturun, innovasiya və startap ekosisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramları və strategiyalar çərçivəsində həyata keçirilən layihələr vətəndaş məmnunluğunun artırılmasına, şəffaflığın təmin olunmasına və iqtisadi səmərənin yüksəldilməsinə xidmət edir. Ona görə də rəqəmsallaşma prosesinin uğurla həyata keçirilməsi yalnız ayrı-ayrı texnoloji mexanizmlərin tətbiqindən ibarət olmamalıdır.  Bu proses sistemli, koordinasiyalı və vahid strategiya əsasında qurulmalıdır.

Məhz bu baxımdan indi rəqəmsal xidmətlərin vahid mərkəzdən idarə olunması və təqdim edilməsi xüsusi aktuallıq kəsb edir. Dövlət xidmətlərinin inteqrasiya olunmuş platforma üzərindən təqdim edilməsi həm idarəetmədə çevikliyi artırır, həm də vətəndaş məmnunluğunu yüksəldir. Vətəndaş üçün əsas meyar xidmətlərin sadə, sürətli və bir məkanda əlçatan olmasıdır. Bu yanaşma ölkə rəhbərliyi tərəfindən də prioritet istiqamət kimi müəyyən edilib. Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə məsələ ilə bağlı qeyd  edib: "Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri "Mygov" üzərindən həyata keçirilməlidir - yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir".

Qeyd edək ki, rəqəmsallaşma ani baş verən dəyişim deyil, mərhələlərlə irəliləyən bir inkişaf yoludur. Bu gün Azərbaycan  dünyanın artıq keçdiyi həmin yolu addım-addım qət edir. İlk mərhələ kağız üzərindəki sənəd və arxivlərin rəqəmsal mühitə ötürülməsidir. Bu, rəqəmsal dönüşümün təməlini təşkil edən vacib başlanğıcdır. Növbəti mərhələ isə xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Artıq bu istiqamətdə həm dövlət qurumları, həm də özəl sektor ciddi irəliləyişlər əldə edib. Onlayn xidmətlər, elektron müraciətlər, avtomatlaşdırılmış sistemlər gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu dəyişimlər vətəndaşlara vaxta qənaət etməyə, daha şəffaf və rahat xidmətlərdən istifadəyə imkan yaradır. 

Lakin rəqəmsallaşmanın son və ən mühüm hədəfi bununla məhdudlaşmır. Qarşıda duran əsas məqsəd "ağıllı" və proaktiv xidmətlərin formalaşdırılmasıdır. Bu, dövlət xidmətlərinin vətəndaş müraciət etmədən, ehtiyac yaranan anda avtomatik təqdim edilməsidir. Bu gün ökədə  rəqəmsal inkişafın əsas dayaqlarından olan infrastrukturun genişləndirilməsi istiqamətində də mühüm nəticələr əldə edilib. "Onlayn Azərbaycan" layihəsi uğurla başa çatdırılıb və ölkə üzrə genişzolaqlı internet şəbəkəsi əhəmiyyətli dərəcədə gücləndirilib. Bir müddət əvvələ qədər ölkədə internetin orta sürəti təxminən 12 Mbit/s idisə, hazırda bu göstərici 90 Mbit/s-ə yüksəlib. Dövlətə məxsus şirkətlərdə isə internetin sürəti artıq 150 Mbit/s səviyyəsinə çatıb. İlin sonunadək bu göstəricinin 200 Mbit/s-ə yüksələcəyi nəzərdə tutulur. Ən mühüm məqamlardan biri isə odur ki, hazırda Azərbaycanın, demək olar, bütün yaşayış məntəqələri genişzolaqlı internetlə təmin edilib və ölkənin heç bir ucqar nöqtəsi rəqəmsal şəbəkədən kənarda qalmayıb.

Rəqəmsallaşmadan danışarkən data mərkəzindən,  yəni "dövlət cloudu"ndan yan keçmək olmaz. Xatırladaq ki, "cloudu" sözü bulud deməkdir. "Dövlət buludu" rəqəmsal idarəetmənin əsas sütunlarından biri kimi çıxış edir. Bu model dövlət qurumlarının informasiya sistemlərinin və məlumat bazalarının vahid, təhlükəsiz və mərkəzləşdirilmiş platformada yerləşdirilməsini nəzərdə tutur. Nəticədə məlumatların saxlanması, emalı və mühafizəsi daha etibarlı həyata keçirilir və resurslardan səmərəli istifadə təmin olunur. "Dövlət buludu" infrastrukturu qurumlar arasında məlumat mübadiləsini sürətləndirir, texniki xərcləri azaldır və kibertəhlükəsizlik səviyyəsini gücləndirir. 

Rəqəmsal infrastrukturun möhkəmləndirilməsi və xidmətlərin mərkəzləşdirilməsi istiqamətində atılan addımlar artıq konkret nəticələrlə müşayiət olunur. Bu kontekstdə həm "dövlət buludu"nun formalaşdırılması, həm də SİMA kimi innovativ mexanizmlərin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Sözügedən müşavirədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu məsələ haqqında deyib: "Ölkənin data mərkəzi, yəni "dövlət cloudu"  tam şəkildə qurulub. Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılmışdır. SİMA Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. SİMAnın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırmışdır. Misal olaraq qeyd edim ki, bu gün bizim vətəndaşlarımız bankda hər hansı bir depozit hesabın açılması və yaxud da artırılmasını - istənilən bank əməliyyatlarını banka getmədən aplikasiyalar üzərindən tam şəkildə həyata keçirə bilirlər".

Bu fikir rəqəmsal transformasiyanın növbəti mərhələsində əsas istiqamətin inteqrasiya və mərkəzləşmə olacağını açıq göstərir. "Mygov" platformasının vahid giriş nöqtəsi kimi formalaşdırılması dövlət idarəçiliyində şəffaflığın artırılmasına, məlumat mübadiləsinin sürətlənməsinə və xidmətin keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Üstəlik, bu yanaşma rəqəmsal resursların daha səmərəli idarə olunmasına və texnoloji standartların bir-birinə uyğunlaşdırılmasına şərait yaradacaq. "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir, yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir", - deyə  Prezident İlham Əliyev ölkədə rəqəmsal xidmətlərin inteqrasiyasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, "Mygov" platforması artıq yeni fəlsəfə və yanaşma ilə Azərbaycan vətəndaşlarının xidmətinə təqdim edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təkcə 2025-ci ildə təxminən 1,3 milyon yeni istifadəçini "Mygov"a cəlb edib. Ötən ilin sonunda bu göstərici 2,2 milyon nəfər idisə, bu il yanvarın sonuna təxminən 2,5 milyon nəfərə çatıb. "İstifadəçi" dedikdə ay ərzində ən azı bir dəfə platformadan faydalanan vətəndaş nəzərdə tutulur. Nazirlik ilin sonuna qədər bu rəqəmin təxminən 5 milyona çatdırılmasını planlaşdırır.

Rəqəmsallaşma yalnız dövlət və biznes proseslərinin elektronlaşdırılması ilə məhdudlaşmır. O, məlumatların idarə olunması, analiz edilməsi və qərar qəbuletmənin səmərəsini artırmaq üçün yeni imkanlar yaradır. Süni intellekt isə bu imkanları bir addım irəli apararaq böyük məlumat bazalarını sürətlə işləyir, proqnozlar verir və xidmətlərin daha səmərəli, fərdi şəkildə təqdim olunmasına yol açır. Azərbaycanın rəqəmsal infrastrukturu, data mərkəzləri və "Mygov" kimi platformaları süni intellekt texnologiyalarının tətbiqi üçün güclü baza rolunu oynayır və ölkəni texnoloji sahədə rəqabətqabiliyyətli edir.

Bu mənada Prezidentin müşavirədə söylədiyi fikirlər süni intellektin strateji əhəmiyyətinin dövlət idarəçiliyində nə qədər böyük və önəmli olduğunu açıq ortaya qoyur:  "Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər" .

Bütün bunlar əsas verir deyək ki, Azərbaycanın rəqəmsallaşma strategiyası son illər sürətlə inkişaf edib. "Mygov" platforması, "dövlət buludu" və SİMA kimi innovativ layihələr vətəndaşlara xidmətin mərkəzləşdirilməsi, sürətli və şəffaf təqdim olunması baxımından əhəmiyyətli hadisədir. Rəqəmsal infrastrukturun gücləndirilməsi, data mərkəzlərinin və genişzolaqlı internet şəbəkəsinin formalaşdırılması ölkəmizi texnoloji baxımdan gücləndirir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr