AZ

NASA nın arxivlərində Yerə iki naməlum ulduzlararası obyektin düşməsi barədə qeydlər aşkar edilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 13 fevral, AZƏRTAC

Astronomlar Yerə düşən obyektlər barədə məlumat bazasını təhlil edərək onların ikisinin ulduzlararası məkandan gəldiyini aşkarlayıblar.

AZƏRTAC xəbər verir ki, hər birinin yalnız düşmə tarixi deyil, həm də düşdüyü yer məlumdur.

2017-ci ildə məşhur Oumuamua obyekti kəşf ediləndən sonra astronomlarda belə bir şübhə yaranıb ki, əslində ulduzlararası məkandan olan səma cisimləri Günəş sistemini və hətta Yer kürəsini tez-tez ziyarət edir, sadəcə indiyədək texniki imkanlar onları aşkar etmək üçün kifayət qədər güclü olmayıb və ya qeydə alınmış qeyri-adi hadisələr diqqətdən kənarda qalıb.

Alimlər CNEOS (Center for Near-Earth Object Studies) Yerə yaxın obyektlərin öyrənilməsi mərkəzinin məlumat bazasının arxivlərini araşdırmağa başlayıblar. Bu, atmosferin sıx qatlarına daxil olan iri obyektlərin qeydə alındığı bir “jurnal”dır. Onlar əsasən ABŞ hərbi peykləri tərəfindən qeydə alınır. Həmin peyklər xüsusi olaraq qəfil işıq parıltılarını izləmək üçün orbitə buraxılıb.

Obyektlərdən biri xüsusi diqqəti cəlb edib. O, 2014-cü il yanvarın 8-də Papua Yeni Qvineya sahilləri yaxınlığında Sakit okeana düşüb və kataloqda “CNEOS 2014-01-08” kimi qeyd olunub. Bu obyekt ilk növbədə Günəş sistemi daxilində hərəkət sürətinə görə maraq doğurub, belə ki, onun sürəti tipik asteroid və kometaların sürətindən xeyli yüksək olub. Obyekt o qədər sürətlə hərəkət edib ki, Günəşin cazibəsi onu planet sistemimizin hüdudlarında saxlaya bilməzdi. Başqa sözlə, Sakit okeana düşən bu səma cismi Günəş sisteminə aid olmayıb və Qalaktikanın dərinliklərindən gəlib.

Bununla belə, “CNEOS 2014-01-08” obyektinin ulduzlararası mənşəyi hələ də mübahisə doğurur, lakin bu, marağı daha da artırıb və nəticədə 2023-cü ildə xüsusi hazırlanmış “maqnit xizəkləri” ilə Sakit okeana ekspedisiya göndərilib. Onların köməyi ilə okeanın dibindən çox kiçik metal sferullar çıxarılıb. Hesab olunur ki, bunlar meteoroitin ərimiş maddəsinin bərkiyərək formalaşmış hissəcikləridir.

Həmin ekspedisiyaya ABŞ-ın Harvard Universitetinin tanınmış professoru Abraham Löb rəhbərlik edib. O, Oumuamua obyektinin özünəməxsus xarici görünüşünü və “davranışını” onun qeyri-təbii mənşəyinin mümkün əlamətləri hesab edib. Tədqiqatçı “CNEOS 2014-01-08” obyektini fəal şəkildə öyrənir, onun ulduzlararası mənşəli olduğuna əmindir və bu yaxınlarda belə nəticəyə gəlib ki, bu, Yerə düşən Günəş sistemindən kənar yeganə obyekt deyil.

Astrofizik bildirib ki, son bir neçə ildə Yerə düşən obyektlərin sürətinin ölçülməsinin dəqiqliyi əhəmiyyətli dərəcədə artıb və bu, kosmik “salnamənin” yenidən və daha diqqətli təhlili üçün əsas yaradıb.

Məlum olub ki, son dövrdə Yerə düşən daha iki səma cismini də ulduzlararası məkandan gəlmiş obyektlər hesab etmək olar. Bunlar “CNEOS-22 (2022-07-28)” və “CNEOS-25 (2025-02-12)” obyektləridir. Birincisi 2022-ci il iyulun 28-də Sakit okeanın tropik zonasında, Peru sahillərindən bir neçə yüz kilometr məsafədə düşüb. İkincisi isə 2025-ci il fevralın 12-də atmosferə daxil olub və Yeni Torpaq ilə Frans İosif Torpağı arasında yerləşən Barens dənizinə düşüb.

Bu obyektlərin Günəşə yaxınlaşma zamanı sürəti saniyədə 45–47 kilometrə çatıb. Bu göstərici Günəş sistemini tərk etmək üçün tələb olunan minimum sürətdən bir neçə kilometr/saniyə çoxdur. Tədqiqatın müəllifləri tam əminlik əldə etmək üçün bir milyon simulyasiya apararaq bu iki obyektin sürət və trayektoriyalarını məşhur ölçmə xətası hədləri daxilində dəyişdiriblər.

Nəticədə nəzərdən keçirilən heç bir variantda bu səma cisimləri Günəş sisteminə aid obyektlərə bənzəməyib. Alimlərin vurğuladığına görə, hətta hesablamalarda bir neçə dəfə böyük qeyri-müəyyənlik qəbul edilsə belə, bu, “CNEOS-22” və “CNEOS-25” obyektlərinin ulduzlararası mənşəyi barədə versiyanı təkzib etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
azertag.az

3Mənbələr