AZ

Lionel Messi zədələndi, oyun təxirə salındı – ARENA.AZ

Argentinalı hücumçus Lionel Messi zədələndiyi üçün “İnter Mayami”nin Puertо-Rikоda keçirilməsi planlaşdırılan yoxlama oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı ulduz Ekvadorun “Barselona” komandası ilə matçda əzələsində gərginlik hiss edib. Nəticədə “İndependyente del Valye” komandasına qarşı keçirilməli olan görüşün vaxtı dəyişdirilib.

Fevralın 14-nə təyin olunmuş qarşılaşma fevralın 26-da baş tutacaq.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” geridə qalmış mövsümdə 49 oyuna 43 qol və 26 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 88 oyun, 77 qol və 44 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
132
7
arena.az

10Mənbələr