Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis kameralara əks olunan son dərəcə qəribə və gigiyenik olmayan hərəkəti ilə ölkə gündəmini alt-üst edib. Baş nazirin burnunu sildiyi kağız dəsmalı rəsmi sənədlərin olduğu qovluğun içinə yerləşdirməsi yunan sosial media istifadəçilərini hiddətləndirib.
Milli.Az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanla birgə çıxış zamanı Baş nazirin burnunu sildiyi salfeti masanın üzərindəki rəsmi faylın içərisinə qoyması diqqətdən yayınmayıb.
Görüntülər internetdə yayıldıqdan sonra minlərlə yunan istifadəçi Baş naziri tənqid atəşinə tutub.
Yunanıstanda iqtisadi və sosial problemlərin yaşandığı bir dövrdə Mitsotakisin bu hərəkəti, onun "xalqdan və reallıqdan uzaq" olduğu barədə müzakirələri yenidən alovlandırıb. Bir çoxları bu hərəkəti "kiçik bir detal" hesab etsə də, yunan xalqı üçün bu, etik qaydaların pozulması kimi qəbul edilib.
Xatırladaq ki, səfər çərçivəsində Türkiyə ilə Yunanıstan arasında 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib və tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələri imzalanıb.
Lalə Qüdrətova
Milli.Az