AZ

Tramp İranla bir ay ərzində razılaşma əldə edəcəyinə ümid edir

ABŞ prezidenti danışıqların tezliklə nəticə verəcəyini bildirib, uğursuzluq halında isə Tehrana “çox ağrılı” nəticələr vəd edib...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla növbəti bir ay ərzində razılaşma əldə olunacağına ümid etdiyini açıqlayıb. O, danışıqların uzun çəkməməli olduğunu və prosesin sürətli şəkildə yekunlaşmasının mümkünlüyünü vurğulayıb.

“Düşünürəm ki, bu, növbəti ay ərzində baş verəcək, təxminən belə. Çox vaxt aparmamalıdır, bu, tez baş verməlidir”, deyə Tramp bildirib.

Bununla yanaşı, ABŞ prezidenti qeyd edib ki, İranla danışıqları istədiyi qədər davam etdirəcək və nəticənin əldə olunub-olunmayacağını zaman göstərəcək.

Jurnalistlərin İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu məsələni müzakirə edib-etmədiyi barədə sualına cavab verən ABŞ prezidenti bildirib ki, fevralın 11-də keçirilmiş görüşdə İranla danışıqların dayandırılması məsələsi gündəmə gətirilməyib. “Biz bunu müzakirə etmədik. Mən onlarla istədiyim qədər danışacağam və görəcəyik ki, razılaşma əldə edə biləcəyikmi”, deyə Tramp əlavə edib.

Eyni zamanda Tramp danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə İran üçün vəziyyətin “çox ağrılı” olacağını bildirib. Lakin o, belə ssenarinin baş verməsini istəmədiyini də etiraf edib.

Qeyd edək ki, İran və ABŞ nümayəndələri arasında nüvə proqramı ilə bağlı son danışıqlar fevralın 6-da Oman Sultanlığında keçirilib. Müzakirələrin detalları açıqlanmasa da, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqlarının qaldığı bildirilir.

Bu arada “The Wall Street Journal” nəşri mənbələrə istinadən yazıb ki, Pentaqon İran ərazisinə mümkün zərbə variantını nəzərə alaraq ikinci aviadaşıyıcının regiona göndərilməsi üçün hazırlıqlara başlayıb. Bu məlumat Vaşinqtonun diplomatik kanallarla yanaşı, hərbi təzyiq rıçaqlarını da gündəmdə saxladığını göstərir.

Ekspertlər hesab edirlər ki, yaxın həftələrdə ABŞ-İran münasibətlərində həm diplomatik, həm də hərbi-siyasi müstəvidə gərginlik arta bilər. Razılaşmanın əldə olunması Yaxın Şərqdə sabitliyə töhfə verə bilsə də, danışıqların iflası regionda yeni eskalasiya risklərini gücləndirə bilər.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr