AZ

Tramp apreldə Çinə səfər edəcəyini anons edib

ABŞ prezidenti apreldə Pekinə gedəcəyini, Si Tsinpinin isə ilin sonunadək Vaşinqtona cavab səfəri edəcəyini bildirib...

ABŞ Prezidenti Donald Tramp apreldə Çin Xalq Respublikasına rəsmi səfər etməyi planlaşdırdığını açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ evdə jurnalistlərə verdiyi açıqlamada danışıb.

Tramp bildirib ki, səfər çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüş keçirməyi nəzərdə tutur.

“Mən apreldə Prezident Si ilə görüşmək üçün Çinə gedəcəyəm. Bunu səbirsizliklə gözləyirəm. O da bu ilin sonuna doğru ABŞ-a səfər edəcək və mən bunu da böyük maraqla gözləyirəm”, deyə ABŞ lideri qeyd edib.

Amerika prezidenti həmçinin vurğulayıb ki, hazırda ABŞ-Çin münasibətləri yüksək səviyyədədir. Onun sözlərinə görə, iki ölkə arasında siyasi və iqtisadi dialoq konstruktiv məcrada davam edir. Tramp şəxsi münasibətlərinin də Çin lideri ilə “əla vəziyyətdə” olduğunu bildirib.

Məlumata görə, qarşılıqlı səfərlər iki ölkə arasında strateji məsələlərin, o cümlədən ticarət əlaqələri, texnologiya sahəsində əməkdaşlıq, qlobal təhlükəsizlik və regional münaqişələr ətrafında fikir mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Ekspertlər hesab edirlər ki, Vaşinqton və Pekin arasında yüksək səviyyəli təmasların intensivləşməsi qlobal iqtisadi və siyasi balans üçün də mühüm siqnal ola bilər.

Qeyd edək ki, ABŞ və Çin son illərdə həm rəqabət, həm də əməkdaşlıq elementlərini özündə birləşdirən mürəkkəb münasibətlər sistemi formalaşdırıb. Tərəflər arasında ticarət, Tayvan məsələsi, Cənubi Çin dənizi və texnoloji məhdudiyyətlər kimi mövzularda fikir ayrılıqları mövcud olsa da, dialoq kanalları açıq saxlanılır.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr