Kreml Ukrayna üzrə razılaşma fonunda enerji ödənişləri də daxil olmaqla dollar əməliyyatlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını sazişin tərkib hissəsi kimi nəzərdən keçirir...
Poliqon xəbər verir ki, Bloomberg Agentliyinin yaydığı məlumata görə, Rusiya Ukrayna münaqişəsi ilə bağlı ABŞ-la aparıla biləcək mümkün danışıqlar çərçivəsində beynəlxalq hesablaşmalarda dollar sisteminə yenidən çıxış əldə etməyə çalışır.
Agentliyin məlumatına əsasən, Kreml dollar əməliyyatlarına qoyulan məhdudiyyətlərin, o cümlədən enerji daşıyıcıları üzrə hesablaşmaların bərpasını münaqişənin başa çatdırılması ilə bağlı potensial razılaşmanın mühüm elementi kimi qiymətləndirir. Bildirilir ki, müzakirə edilən sənəddə Moskva ilə Vaşinqton arasında mümkün əməkdaşlığın yeddi istiqaməti əks olunub.
Bu istiqamətlər arasında Rusiyanın dollar sisteminə çıxışının bərpası ilə yanaşı, ABŞ istehsalı olan təyyarələrin uzunmüddətli müqavilələr əsasında tədarükü, neft-qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, o cümlədən çətin çıxarılan neft yataqlarının işlənməsi və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı yer alır. Bundan başqa, sənəddə nüvə energetikası sahəsində əməkdaşlıq və strateji metalların hasilatı istiqamətində birgə fəaliyyət imkanları da qeyd olunur.
Memorandumda vurğulanır ki, dollarla hesablaşmalara qayıdış Rusiyanın tədiyyə balansında volatilliyi azalda bilər. Eyni zamanda, belə bir addımın dolların qlobal ehtiyat valyutası kimi mövqelərini möhkəmləndirəcəyi bildirilir.
Bununla belə, təşəbbüs Rusiya Prezidenti Vladimir Putinin əvvəlki ictimai bəyanatları ilə ziddiyyət təşkil edir. Putin daha əvvəl dəfələrlə dedollarizasiyanın geri dönməz proses olduğunu və ABŞ valyutasının dünya iqtisadiyyatındakı rolunun azaldığını bəyan etmişdi.
Bloomberg qeyd edir ki, mümkün razılaşma ilə bağlı müzakirələr hələ ilkin mərhələdədir və tərəflərin mövqeləri tam formalaşmayıb. Bununla belə, dollar sisteminə çıxışın bərpası Moskva üçün həm maliyyə sabitliyi, həm də beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Poliqon.info