AZ

Qurban Qurbanovun xəbərdarlığına məhəl qoyulmadı... – Nəriman təhlükədə!

Heç şübhəsiz, Nəriman Axundzadənin “Kolambus Kryu”ya transferi ilin önəmli hadisələrindəndi. 21 yaşlı hücumçu karyerasını artıq ABŞ çempionatında – MLS-də davam etdirəcək. Onun legioner həyatı yaşamağa start verməsinə görə yalnız sevinə bilərik. Təbii ki, bir şərtlə: yaxın müddətdə ya birdəfəlik transfer, ya da icarə əsasında üstümüzə qayıtmasın!

Əlbəttə, Nəriman üçün yaxşı mənada çox şey arzulaya bilərik. Bu futbolçunun əsla Mura Qurbanlı, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Rüfət Abdullazadə, Turan Manafov və başqa bu kimi həmkarlarının aqibətiylə üzləşməsini istəmərik. Axı onların ortaq xüsusiyyəti legioner həyatında uğursuzluğa düçar olmalarıdı. Axundzadə Mahir Emreli kimi inadkar olmalı, ölkəyə qayıtmamalıdı. Bundan sonra hər şey yalnız gənc oyunçudan asılıdı. Futbol dilində desək, top səndədi, Nəriman!

Bu hadisənin fonunda yaşananlar isə ürəkaçan deyil. Çünki bəzi azərbaycanlı futbolsevərlər “Kolambus Kryu”nun sosial şəbəkə hesablarında Nərimana lağ etməklə məşğuldu. Hələ həmin xoşagəlməz ifadələri ingilis dilində yazanlar da var...

Axı Qurban Qurbanov “Şamaxı” ilə oyundan sonra keçirilən mətbuat konfransında bu ifadələri boş yerə səsləndirmədi:

“Son vaxtlar baş verən məlum məsələlərə görə getməsi lazım idi. Çünki özündə deyildi. Hər gün fərqli fikirdə idi. Yəqin nəsə oxuyub gəlirdi, qarşısına nəsə çıxırdı. Toparlanması üçün getməyə ehtiyacı var idi. Buna görə belə addım atdıq. Son iki ildə böyümək üçün çox əziyyət çəkib. İnanıram ki, daha yaxşı Nəriman görə biləcəyik”.

Əslində mütəxəssisin “mən Juninyoyla bacarmadığımı Nərimanla bacardım: Çempionlar Liqasına vəsiqə qazandım” sözləri də çox şeydən xəbər verir.

Kəsəsi, bu gün hamı bir nəfər kimi Nərimana dəstək olmalı, onun ölkəmizi layiqincə təmsil etməsinə təkan verməliyik.

KƏNAN BAHADIR
Seçilən
201
1
football-plus.az

2Mənbələr